Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vətəndaş aldadılır, süründürülür, pulu mənimsənilir - Sığortaya niyə inanmırıq? - VİDEO

Azərbaycanda sığorta bazarının inkişaf etmədiyi heç kimə sirr deyil. Vətəndaşların sığortaya inamının az olması da başadüşüləndir. Bəzən sığorta şirkətləri baş verən hadisələr zamanı geri çəkilir və yaxud da vətəndaşa dəymiş ziyanı ödəməmək üçün müəyyən bəhanələr uydururlar. Bununla bağlı dövrü mətbuatda kifayət qədər materiallar var.

Araşdırmalarımız nəticəsində məlum olur ki, ən çox şikayət olunan sığorta şirkəti “Atəşgah Sığorta”dır. Bu məsələdə “Standard İnsurance” də geri qalmır. “Atəşgah Sığorta” müştəriləri aldadırsa, “Standard İnsurance” barədə şikayətlər sığorta ödənişi alarkən şirkət tərəfindən yaradılan süni əngəllərlə bağlıdır. “Standart Insurance” hətta ödənişdən yayınmaq üçün sənədləri qəsdən itirməkdə günahlandırılır.

Ümumiyyətlə, dövrü mətbuatda sığorta şirkətləri ilə bağlı müsbət xəbərə rast gəlmək müşkül məsələdir.

Nümunə olaraq, Sumqayıt şəhər sakini Zaur Rəcəbovun şikayətini göstərə bilərik. “Atəşgah” sığorta tərəfindən maşınını sığortalayan Rəcəbova qəza zamanı 2452 manat ziyan dəyib. Şirkət isə məbləği azaldaraq, yalnız 700 manat ödəyə biləcəyini bildirib.

Ucar rayonu sakini İsmayılov Azər Ağalı oğlu isə “AXA MBASK” sığortadan şikayətçidir. Sözügedən şirkət vətəndaşa dəymiş zərərin məbləğinin yarı hissəsini mənimsəyib. Belə ki, qəza zamanı İsmayılova dəymiş ziyan 1100 manat olub. Ancaq “AXA MBASK” ASC sığorta şirkəti müştərisinə 500 manat sığorta pulu verib. Sənəddə qəza zamanı yararsız olmuş ehtiyat hissələrinin çoxunun adı qeyd edilməyib.

Bu mənada “Azərsığorta” da digərlərindən geri qalmır. Qəza zamanı Lənkəran sakini Amid Nazim oğlu Həsənovun maşınına 5 min manat ziyan dəysə də, ona cəmi 975 manat verilib. Bu isə vətəndaşa dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maraqlıdır ki, “Azərsığorta” məbləği hadisə yerinə gəlmədən müəyyənləşdirib.

“Günay Sığorta” da şikayət edilən şirkətlər sırasındadır. 2017-ci ilin iyul ayında qəza zamanı ehtiyatda olan polkovnik Allahverdi Quliyevin maşınına 690 manat ziyan dəyib. Şirkət isə dəymiş ziyanın müqabilində 215 manat pul yazıb. Baxmayaraq ki, şirkətin əməkdaşı servisdə dəymiş ziyanı 500 manat dəyərində qiymətləndirib.

“Diqlas” ticarət mərkəzinin yanaraq külə dönməsi sığorta məsələsini bir daha gündəmə gətirdi. Bəlli oldu ki, sözügedən ticarət obyektində çalışan şəxslər mallarını sığortalamayıblar.

Bunun ən başlıca səbəblərdindən biri də təbii ki sığorta şirkətlərinə qarşı olan inamsızlıqdır. Məsələ ilə bağlı Yenicag.az-a danışan iqtisadi ekspert Natiq Cəfərli maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda sığortaya primitiv yanaşma var:

“Ümumiyyətlə, sığorta bazarı öz məhsulları ilə vətəndaşları cəlb etməyi bacarmalıdır. Bizdə sığortaya primitiv şəkildə yanaşma var. İcbari qaydada avtomobil sığortası var ki, insanlar hələ də nəyə görə ödəniş etdiyini bilmirlər. Bunun bəhrəsini görməsələr də, ödəməyə məcburdurlar. Sığorta məhsullarını insanlara təqdim edən və bunun arxasında duran şirkətlər də azdır. Bu da bu sahəyə olan inamı azaldır. Biznes strukturlarının sığortalanmaması isə digər başqa problemləri də özündə cəmləşdirir. Burada sığorta şirkətləri ilə yanaşı, ümumi iqtisadi vəziyyətlə bağlı doğan problemlər də var. Məsələn, istənilən sığorta şirkəti bir dükanı, daha doğrusu satılan malı sığortalamaq istəyirsə, onun aylıq, illik dövriyyəsini, alınan malların ümumi həcmini dəqiq bilməlidir. Amma bizdə bir çox hallarda qaiməsiz mallar alınır və satılır. Bu da vergini verməmək və yaxud da az ödəmək üçün atılmış addımdır. Sığorta şirkəti də dövriyyəni tam bilmədiyi üçün dükanların içində olan məhsulları sığortalaya bilmir. Bu da başqa problemi ortaya çıxarır”.

Emin Səfərov

www.yenicag.az

1143