Vətəndaş hüquqları və fəallıq: İnsanlar öz hüquqlarını hansı səviyyədə bilirlər?

İnsan hüquq və azadlıqlarının müdafiəsi, müasir cəmiyyətin əsas prinsiplərindən biridir. Bu hüquqların qorunması, insanların ləyaqətini və sərbəstliyini təmin edir. Vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, cəmiyyətin daha ədalətli və bərabər olması üçün vacibdir. Bu məqsədlə, müxtəlif təlim proqramları və seminarlar keçirilməli, vətəndaşların hüquqları haqqında məlumatlandırma artırılmalıdır.

Sosial və siyasi fəallığın artırılması, vətəndaşların iştirakını təşviq edir və demokratik proseslərin güclənməsinə kömək edir. Müxtəlif təşkilatların və fəal qrupların dəstəklənməsi, insanların öz hüquqlarını müdafiə etməsinə imkan tanıyır. Bu, cəmiyyətin daha mükəmməl bir mühitə sahib olmasına və hər bir fərdin öz fikrini ifadə etməsinə şərait yaradır. Nəticə olaraq insan hüquqlarının müdafiəsi, bütün cəmiyyətin inkişafına xidmət edir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında hüquqşünas Hümmət Əliyev bildirib ki, Azərbaycanda insanların öz hüquqlarını bilməsi məsələsi müxtəlif faktorlardan asılı olaraq dəyişir.

“Misal üçün təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyət, yaş və yaşadıqları coğrafi bölgə və s. Ölkəmizdə hüquqi maarifləndirmə təhsil sistemində müəyyən dərəcədə mövcuddur. Orta məktəblərdə və universitetlərdə vətəndaş hüquqları və hüquq anlayışlarına toxunan dərslər keçirilir. Bununla yanaşı, hüquq fakültələrində tələbələrə hüququn müxtəlif sahələri, o cümlədən insan hüquqları haqqında geniş məlumat verilir.

Lakin əhali arasında hüquqi biliklərin səviyyəsi fərqli ola bilər. Şəhər yerlərində yaşayan insanlar adətən hüquqi biliklərə daha çox malik olurlar. Onlar internet və hüquqi məsləhət almaq imkanlarından daha çox istifadə edir, hüquqşünaslara əlçatanlığı daha asandır. Kənd və ucqar bölgələrdə yaşayan insanlar isə hüquqlarını kifayət qədər bilməyə bilərlər. Bu, informasiya resurslarının azlığı, hüquqi maarifləndirmə proqramlarının yetərsizliyi və sosial-iqtisadi vəziyyətin aşağı olması ilə əlaqəlidir”, – deyə o qeyd edib.

O əlavə edib ki, ölkəmizdə hüquqların bilinməsinə töhfə verən müxtəlif dövlət və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

“Bunlara misal olaraq, hüquqi yardım mərkəzlərini və vəkillər kollegiyasını göstərmək olar. Onlar insanlara pulsuz hüquqi yardım göstərir. Bu təşkilatlar hüquqi bilikləri artırmaq üçün seminarlar, təlimlər və müxtəlif maarifləndirici tədbirlər keçirirlər.

Media, xüsusən də televiziya və internet üzərindən yayımlanan hüquqi proqramlar və sosial media kampaniyaları da insanları öz hüquqları barədə məlumatlandırmağa çalışır. Amma bu cür məlumatlandırıcı tədbirlər hələ kifayət qədər geniş yayılmayıb”, – deyə o vurğulayıb.

Mütəxəssis bildirib ki, son illər internetin geniş yayılması və sosial medianın populyarlığı nəticəsində gənc nəsil öz hüquqları barədə daha məlumatlı olmağa başlayıb.

“Onlar hüquqi məlumatları onlayn qaynaqlardan əldə edir, hüquqşünaslarla və vəkillərlə əlaqə yaradır, eyni zamanda sosial mediada müxtəlif hüquqi müzakirələrdə iştirak edirlər.

İnsanların hüquqi savadlılığının artırılması istiqamətdə görülməli olan işlər məsələsinə gəldikdə isə təhsil sisteminin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə proqramlarının artırılması və rəqəmsal platformaların inkişaf etdirilməsi vacibdir.

Orta məktəblərdə hüquq əsasları, vətəndaş hüquqları və insan hüquqları haqqında tədris daha geniş şəkildə tətbiq oluna bilər. Bu dərslər şagirdlərə hüquqlarını və vəzifələrini başa düşmək imkanı verir və onları gələcəkdə hüquqlarını qorumağa hazırlayır. Həmçinin universitetdə hüquq fakultələri xaricində də hüquq dərslərinin yayılması mühüm addım ola bilər. Fərqli ixtisaslar üzrə tələbələrə hüquqla bağlı baza biliklərin verilməsi insanların hüquq savadlılığını artırmağa kömək edəcək”, – o deyib.

Onun sözlərinə görə, dövlət və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən yaradılan pulsuz hüquqi yardım mərkəzləri insanlara onların hüquqları ilə bağlı dəqiq məlumatlar və məsləhətlər verə bilər.

“Bu cür mərkəzlər əhalinin aşağı gəlirli təbəqələri və ucqar bölgələrdə yaşayanlar üçün xüsusilə vacibdir. Əlavə olaraq hüquqşünasların və vəkillərin könüllü hüquqi yardımlar göstərməsi də bu istiqamətdə təsirli ola bilər. Vəkillər insanların hüquqi suallarını cavablandırmaq və onları məhkəmə proseslərində dəstəkləmək üçün pulsuz xidmətlər təklif edə bilərlər.

Nəticə olaraq, insanların hüquqi savadlılığını artırmaq üçün təhsil, hüquqi yardım, media, rəqəmsal platformalar və ictimai maarifləndirmə proqramlarının genişləndirilməsi vacibdir. Həm dövlət, həm də qeyri-hökumət təşkilatları bu istiqamətdə əməkdaşlıq edərək əhalinin hüquqlarını bilməsini təmin edə bilər. Belə tədbirlər cəmiyyətin hüquqi bilik səviyyəsini yüksəldər və hüquqların daha effektiv müdafiəsinə şərait yaradar”, – deyə o bildirib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli isə qeyd edib ki, vətəndaşların sosial və siyasi fəallığı istiqamətdə lazımi işlər görülsə də hələ müəyyən addımlar atılmalıdır.

“Sosial media platformalarında cəmiyyətin gənc kəsimində innovativ yanaşmanın şahidi oluruq. İstər ideoloji, istər ekoloji, istərsə də digər sosial və ictimai məsələlərdə onların reaksiyasını görmək mümkündür. Ümumilikdə əhalini nəzərə aldıqda isə bu fəallıq yaşlı nəsildə gənclərə nisbətən aşağıdır.

İctimai təşəbbüs və iştirakçılıq məsələsi istiqamətdə yüksək inkişafa doğru addımlar atılması təqdirəlayiqdir. Ümumilikdə hazırki dövrdə sosial və siyasi fəallığı artıran əsas vasitə sosial mediadır. Daha geniş şəkildə öz əksini tapması üçün təbliğat mütləqdir. Nəzərə almaq lazımdır ki, ictimai rəyin özü də bir təşəbbüsdür. İctimai rəyin nəzərə alınması və dövlətin idarə olunmasında tətbiqi Sosial Tədqiqatlar Mərkəzi fonunda müsbət nəticə verdi. Bu sahədə görülən işlər zamanla daha da genişlənəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

COP29