Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi təqdirdə ipoteka krediti alan şəxs ödənişi yubadarsa, bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxardıb, satmaq hüququna malik olacaq. Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakının satışına razılıq verməsi də təklif edilir.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ekspertlər belə bir təklifin qəbul edilməsinin vətəndaşların konstitusion hüquqlarının pozulmasına gətirib çıxaracağını bildirdilər.
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, Banklar Assosiasiyasının sözügedən təklifi ipoteka krediti alan vətəndaşların hüquqlarının pozulması deməkdir:
“Vətəndaş əmlakını girov qoyarkən özəl qiymətləndirmə şirkətləri tərəfindən onun bazar və likvid dəyəri qiymətləndirilir. Vətəndaş belədə əmlakının dəyəri müqabilində bankdan kredit götürür. Bəzən elə olur ki, ipoteka krediti alandan 3-5 il keçəndən sonra vətəndaşın onu ödəmək imkanı məhdudlaşır. Bu halda bankın məhkəmə qərarı olmadan birbaşa hərrac vasitəsilə ipoteka mənzilini satışa çıxartması vətəndaşın hüquqlarına ziddir. Ona görə ki, 3-5 ildən sonra müqavilədə göstərilən bazar və likvidlik dəyəri dəyişə, qalxa və yaxud da aşağı düşə bilər. Bu halda bazar dəyəri yenidən ancaq məhkəmə qaydasında müəyyənləşməli və məhz bu dəyərlə hərraca çıxarılmalıdır. Belə olarsa, vətəndaşın hüquqları tapdanmaz. Banklar indiki halda məhkəməyə vermədən ipoteka kreditini gecikdirənlə bağlı özbaşına qərar qəbul edərsə, vətəndaşın prosesin qanun çərçivəsində olması üçün onu məhkəməyə vermək hüququ var. Amma düşünmürəm ki, banklara sözügedən hüququn verilməsi ipoteka alanların sayının azalmasına rəvac versin. Çünki adətən, ipoteka alan vətəndaşlar onun neqativ hissələri barədə düşünmür. Kredit alan vətəndaş hər halda onu necə ödəyəcəyini düşünərək addım atır. Bank da vətəndaşın ödəmə qabiliyyətini yoxladıqdan sonra ona ipoteka krediti verir. Yalnız fors-major hallarda həmin neqativ məqamlar yarana bilir. Ona görə də ipoteka alanların sayına sözügedən proses təsir etməyəcək. Çünki ipotekaya tələbat var”.
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli düşünür ki, ipoteka kreditini ləngidən vətəndaşların əmlakının məhkəmə qərarı olmadan bankların öz istəyinə uyğun hərraca çıxarılması həmin sahədə dələduzluq hallarının artmasına gətirib çıxaracaq və ona görə də onun qəbulu yolverilməzdir:
“Belə bir qərarın verilməsi ölkədə ipoteka kreditlərinin verilməsi sahəsində anarxiyaya gətirib çıxara bilər. Banklar həmin qərarın verilməsindən sui-istifadə edərək, vətəndaşın əmlakını necə gəldi hərraca çıxarıb satacaq. Təklifin qəbul olunması ümumiyyətlə, möhtəkir və dələduzlara şərait yaratmaq deməkdir. Birmənalı olaraq, bütün mübahisəli məsələlər məhkəmə yolu ilə öz həllini tapmalıdır. Bu fonda Banklar Assosiasiyasının həmin təklifinin qəbulu dövlətçiliyin sarsıdılmasına gətirib çıxara bilər. Onun qəbul edilməsilə mənəvi baxımdan dövlətçiliyi, həm də məhkəmə sistemini gözdən salmış olacağıq. Ona görə də belə bir qərarın verilməsi qəbuledilməzdir. Həmin qərarla çıxış edənlər bu istiqamətdə düşünməlidirlər. Ancaq səriştəsiz və təcrübəsiz insanlar məhkəmə qərarı olmadan mübahisəli əmlakın hərraca çıxarılıb satılmasının mümkün olması qənaətinə gələ bilərlər. Çünki mübahisələrin son həll yeri məhkəmələrdir”.
ELÇİN