“Cərimələrin artırılması yolu ilə ayrı-ayrı qurumların büdcə gəlirlərinin artırılması müşahidə olunur”.
Bunu son günlər karantin cərimələrinin silinməsi ilə bağlı cəmiyyətdə yayılan müzakirələrə münasibət bildirən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
Sabiq millət vəkili hesab edir ki, nəzarətedici və idarəedici orqanlar məqsədli olaraq cərimələri artırırlar:
“Əslində, Azərbaycanda tətbiq olunan cərimələr nə yaşayış minimumu, nə də orta aylıq əməkhaqqına uyğundur. Eyni zamanda, pandemiya dövrü ilə əlaqədar tətbiq olunan cərimələr bir çox hallarda cərimənin stimullaşdırılması üçün nəzərdə tutulub. Təəssüf ki, inzibati məcəlləyə dəyişiklik ediləndə cərimələrin artırılmasına susan şəxslər indi müəyyən çıxışlarla iştirak edirlər. Bütün hallarda karantin cərimələri silinməlidir. Çünki son illər cərimələrin artırılması yolu ilə ayrı-ayrı qurumların büdcə gəlirlərinin artırılması müşahidə olunur. Halbuki bu cərimələrin tətbiqi əsaslı deyil və silinməlidir”.
Nazim Bəydəmirli vurğulayıb ki, ümumilikdə cərimə tətbiqi vətəndaşlara qarşı haqsızlıqdır:
“Karantin cərimələrinin silinməsini problemli kreditlərin həlli zamanı atılan addımlar kimi qiymətləndirilə bilər. Əslində, hüquqi dövlət olaraq ölkədə cərimələrin tətbiq olunmasının tərəfdarı deyiləm. Çünki cərimələrin tez-tez silinməsi nizamsızlıq yaradır. Həmçinin subsidiyalaşma və digər addımlar korrupsiyaya yol açır. Təəssüf ki, ölkədə bütün şəxslərin hüquq və vəzifə bərabərliyi təmin edilməyib”.
Gülşən Şərif