Vətəndaşın ömürlük problemli kredit “MƏHKUMLUĞU”: “Bankların riskə getmək istəməməsi…”

“Belə halla qarşılaşan vətəndaşın etibarlı zamin və ya qiymətli girov müqabilində yeni kredit götürməsi”.

Bu fikirləri vaxtilə problemli kreditləri olan, lakin sonra bütün borclarını ödəmiş vətəndaşlara bankların kredit verməkdən imtina etməsinin uyğunluğunu dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu məsələdə bankların qərarına müdaxilə etmək doğru olmazdı:

“Bu, son illərdə ölkədə geniş müşahidə olunan hallardan biridir. Yəni vətəndaş bir zaman hansısa bankdan kredit götürüb, onu ödəyə bilməyib, lakin bir müddətdən sonra borclarını bağlasa da, ona yeni kredit verilməsindən imtina olunur.

Qeyd etmək lazımdır ki, artıq vətəndaşların bütün rəsmi borc öhdəlikləri haqqında məlumatlar kredit bürosunun bazasına daxil edilir. Banklar kredit üçün müraciət edən vətəndaşların problemli müştəri olub-olmadığını öyrənmək üçün o bazadakı məlumatlara əsaslanırlar.

Əlbəttə, vətəndaşın kredit borcunu gecikdirməsi onun tarixçəsində öz əksini tapır. Banklar da şəxsin problemli kreditinin olduğunu görüb ona rədd cavabı verirlər. Burada bankları qınamaq və onların qərarına müdaxilə etmək doğru olmazdı. Çünki onlar növbəti dəfə riskə getmək istəmirlər.

Belə halla qarşılaşan vətəndaşın etibarlı zamin və ya qiymətli girov müqabilində yeni kredit götürməsi, borcunu vaxtlı-vaxtında ödəməsi daha məqsədəuyğundur. Bu zaman onun kredit tarixçəsindəki məlumatlara artıq pozitiv detallar əlavə olunacaq”.

Nəsimi Ələsgərli

COP29