Vətəndaşları aldadan dələduz hələ də azadlıqda gəzir, hüquq-mühafizə orqanları isə laqeyd davranır – Şikayət

Vətəndaşları aldadan Səməd Əlizadə hələ də azadlıqda gəzir.

Bakı şəhəri sakinləri İlahə Həsənova, İlham Həsənov və Azər Quliyev dələduzluqla üzləşdikləri ilə bağlı Yenicag.az-a şikayət ediblər. Onlar məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, hələ də bir nəticənin olmamasına etiraz ediblər.

İddialara görə, Əlizadə Səməd Elşən oğlu yaşadığı maddi sıxıntıları, ailə üzvünün xəstə olması yalanını istifadə edərək müxtəlif yollarla pul alıb və daha sonra geri qaytarmayıb. Bu isə qarşı tərəflərin maddi zərərə uğramasına səbəb olub. Müvafiq qurumlar isə məsələyə ciddi yanaşmırlar.

Sosial şəbəkədə tanış olduğu, özünü xeyriyyəçi kimi təqdim edən Səməd Əlizadə tərəfindən dələduzluğa məruz qaldığını şikayətçi İlahə Həsənova Məhərrəm qızı Yenicag.az-a şikayətində deyib. O, bildirib ki, sözügedən şəxs atasının vəfat etdiyini, anasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini və anasının dərman pulları üçün işlədiyini deyərək, 2021-ci il sentyabrın 7-də notbukunu bir günlük iş üçün istəyib. Lakin sonradan notbuku qaytarmayıb:

“Səməd mənə bildirdi ki, bu işdən ona 800 manat pul qalacaq və beləcə anasının dərmanlarını ala biləcək. Hətta pulun yarısını mənə verəcəyini desə də, mən bu təklifi qəbul etmədim. Notbuku ona verməzdən əvvəl onun şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəklini, ailə yaxınlarının əlaqə nömrəsini, yaşadığı ünvanı və “whatsapp” vasitəsilə məndən notbuku almağı ilə bağlı səs atmasını istədim. Bu məlumatlardan sonra yaşadığım evin yaxınlığında notbuku ona verdim. Notbuku məndən cəmi bir günlük istədiyi halda üç gün gözlətdi. Ona görə də 2021-ci il 10 sentyabr tarixində mənə dediyi iş yerinə getdim və öyrəndim ki, həmin şəxs orada cəmi bir neçə gün işləyib və oranın kassasını boşaldıb. Hətta iş yoldaşından 500 manat pul alıb və yoxa çıxıb. Bunu öyrəndikdən sonra dərhal 102-ə zəng etdim, məni Nizami rayon Polis İdarəsinin 23-ci Polis Bölməsinə çağırdılar. Şikayətimi ərizə formasında da yazdım, Səməd Əlizadə haqqında ətraflı məlumat verdim. Bu məsələdən bir ay sonra bölmədən cavab gəldi, axtarışın nəticə vermədiyi yazılmışdı. Axtarışa baxan Vüqar Nəsibov ilə danışdım. Verdiyim bu qədər məlumata baxmayaraq, niyə tapılmadığını soruşdum. Cavabında axtarışın nəticəsiz qaldığı bildirildi. GPS-dən niyə istifadə etmədiklərini soruşdum. O, isə “Azərbaycanda GPS var?” deyərək, cavab verdi.

Bir müddət keçdikdən sonra Səməd Əlizadənin köhnə iş yerindən mənə zəng gəldi və dedilər ki, Səməd başqa bir polis idarəsi tərəfindən saxlanılıb. Mən dərhal Ömər Məmmədova zəng edib məlumat verdim və Səmədi Bölməyə gətirdilər. Üzləşmək üçün getdim, polis Ömər Məmmədovun otağında danışdıq. Üzləşmədə Səməd mənə dedi ki, cümə günü kompüterin eynisini alıb verəcək. Mən inanmadım. Ömər Məmmədova dedim ki, bu şəxsi indi buraxsanız, o, qaçacaq. Ömər Məmmədov “rəisim nə desə, o olacaq. O buraxmağımı desə, mən də buraxacam” cavabını verdi. Bildirdim ki, cümə günü ziyanım qarşılanmasa, rəisiniz və siz cavabdehsiniz. Ömər Məmmədov mənə dedi ki, biz onu burada tuta bilmərik. Qaçsa da taparıq dedi və buraxdı. Cümə günü Səməd Əlizadə dediyi yerə gəlmədi.

Onu da qeyd edim ki, Səməd Əlizadədən şikayətçi olan 10 nəfərlik bir “Whatsapp” qrupumuz var. Qrupun üzvlərindən biri Səmədi 26.04.2022 tarixində “28 May” metro stansiyasında görüb və polisə xəbər etmişdi. Həmin gün Səməd Qara Qarayevdə yerləşən 25 saylı polis bölməsinə gətirildi və biz 10 nəfər şikayətçi də bölmənin qarşısında dayandıq. Polislərdən xahiş etdik ki, buraxılmasın. İşə baxan polis bizə, “Səməd haqqında axtarış var, narahat olmayın, buraxmayacağıq” desə də, buraxıldı. İşimə 23-ci Polis Bölməsindən üç dəfə rədd cavabı gəldikdən sonra, daxili işlər naziri cənab Vilayət Eyvazova ərizə yazdım. Təəssüf ki, işimə yenə baxılmadı. Səməd Əlizadə hazırda azadlıqda gəzir, hətta onu bir neçə dəfə “Qara Qarayev” metro stansiyası yaxınlığında görüblər”.

Şikayətçi Azər Quliyevin sözlərinə görə, pandemiya dövründə işi ilə əlaqədar veb-sayt açmaq üçün Səməd Əlizadəyə müraciət edib. Səməd işi görmək üçün ondan pul alsa da, veb-saytı düzəltməyib. Nəticədə dələduzluqla üzləşib:

“Səməd Əlizadəni qaynanamın qonşusu olaraq tanımışam, yoldaşlarımız tanış idi. Mən pandemiya dövründə işimlə əlaqədar veb-sayt açmaq istəyirdim. Bunu yoldaşım Səmədin yoldaşına demişdi. O isə Səmədin bu mövzuda usta olduğunu bildirmişdi. İnandıq və razılaşdıq. Bu iş üçün Səməd ilkin ödəniş olaraq bizdən 325 manat aldı. Sonrakı zamanlarda isə veb-saytının müəyyən əskikləri ilə bağlı yenidən ödəniş tələb etdi. Ümumilikdə Səmədə 925 manat pul versək də, veb-saytı düzəltmədi. Səməd daha sonra pulu qaytaracağını dedi və bizə 325 manat ödəniş edilmiş çek şəkili göndərdi. Məyər, göndərdiyi çek saxta imiş. Belə ki, çekin üzərində “Golden Pay” və Ekspress Bankının adı yazılsa da, aldığımız rəsmi cavablardan belə bir ödənişin olmadığını və sənədin saxta olduğunu öyrəndik. Bu cür fırıldaqdan sonra avqustun 8-də polisə şikayət etdim. Səməd bölməyə çağırıldı və günahını etiraf etdi. Polisin yanında söz verdi ki, ertəsi gün axşam saat 8-ə qədər pulu gətirəcək. Ertəsi gün Səməd yoxa çıxdı. Daha sonra öyrəndim ki, 25-ci Polis Bölməsi Prokrorluğa yalan məlumat göndərib. Məlumatda qeyd olunub ki, guya mən veb-saytda əlavə dəyişikliklərin edilməsini istəmişəm”. Lakin elə bir veb-sayt mövcud belə deyil.

Həsənov İlham Novruz oğlu isə öz növbəsində vurğulayıb ki, Səməd ona ümumilikdə 300 manat və “HP Pavilyon G6” markalı kompüteri qaytarmamaqla maddi ziyan vurub:

“Əlizadə Səməd Elşən oğlu ilə tanışlığım Qazax rayonu Ağ Köynək kəndində yerləşən Saloğlu Fərdi Firmasında Səmədin müvəqqəti işə götürülməsi müddətində baş verib. Bu müddət ərzində özünü mənə proqramist, kompüter sahəsi üzrə bir mütəxəssis kimi təqdim edib. İş yoldaşı olduğumuz üçün arada bir söhbət edirdik. O, söhbət sırasında ailəsindəki problemlərdən bəhs edirdi. Daha sonra bir həftə ərzində məndən 50 manat pul istədi və verdim. Müəyyən müddətdən sonra Səməd mənim telefon almaq istədiyimi öyrənəndə təklif etdi ki, bir tanışı “Apple” firmasının telefonlarını ucuza gətirir və telefonu ondan ala bilərəm. Mən bu təkliflə razılaşandan sonra Səməd məndən 200 manat ilkin ödəniş aldı. Bundan əlavə, həmin günlərdə kompüterimdə problem yarandığı üçün ona müraciət etdim. Səməd mənə, narahat olma, gətir düzəldim dedi. Kompüteri götürdükdən bir müddət sonra mənə yazdı və dedi ki, pulumu qaytarmaq istəyir, amma kartı bağlıdır. O, məndən kartı açmaq və pulumu geri qaytara bilməsi üçün 50 manat istədi. Mən isə yenidən ona kömək etdim və istədiyi pulu göndərdim. Daha sonra o mənə 150 manat atdığına aid bir çek atdı. Lakin göstərilən məbləğ mənim kartıma oturmadı. Üç gün gözləyəndən sonra məlum oldu ki, o çek kompüterdə yaradılmış saxta çekdir. Səməd Əlizadənin mənə vurduğu ziyan ümumilikdə 300 manat və “HP Pavilyon G6″ markalı kompüterdir”.

Mövzu ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-ci və 25-ci Polis Bölməsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. İrəli sürülən iddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COP29