Vətəndaşları çəkindirən KİRAYƏ MÜQAVİLƏSİ: “Daşınmaz əmlak sahibləri əksər hallarda…”

“Vergi məbləğinin yüksək olması vətəndaşların kirayə müqaviləsindən yayınmasına səbəb olan əsas amildir”.

Bu fikirləri ev və ya mənzillərin kirayəyə verilməsi zamanı müqavilə imzalanmasının vacibliyi haqda danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kirayə müqaviləsində nəzərdə tutulan vergi məbləğinə yenidən baxılmasına ehtiyac var:

“Vətəndaşlar həm evini kirayə verərkən, həm icarəyə götürərkən müvafiq müqavilə imzalamaları məsləhətdir. Bu onlarda daşınmaz əmlak üzərindəki hüquqlarla bağlı məsuliyyət yaradır. Müqavilədə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər əks olunmalıdır. Müqavilənin imzalanması tərəflər üçün ona görə əhəmiyyətlidir ki, gələcəkdə yarana biləcək hər hansı bir mübahisəni hüquq müstəvisində həll etmək mümkün olsun.

Digər tərəfdən, müqavilə imzalanandan sonra kirayə verən tərəf kirayə götürən tərəfi istədiyi vaxt evdən çıxarmaq imkanını itirir. Müşahidələrə əsasən, yalnız qiyməti yüksək olan danışmaz əmlaklarda kirayə müqaviləsi bağlanmasının şahidi oluruq. Qiyməti az, yəni icarəsi təqribən 500 manata qədər ev və mənzillərdə isə tərəflərin kirayə müqaviləsi bağlamaq niyyəti olmur.

Bunun əsas səbəbi həm də kirayə üçün verginin yüksək olması ilə bağlıdır. Vergi Məcəlləsinə görə, kirəyə müqaviləsində vergi icarə məbləğinin 14 faizi həddində müəyyənləşib. Bu da kiçik məbləğdə kirayə verənlər üçün bir qədər yüksək məbləğdir. Ona görə də daşınmaz əmlak sahibləri əksər hallarda müqavilə imzalamaqdan yayınır və ya o ödənişi kirayə götürənin üzərinə qoymaq istəyirlər.

Düşünürəm ki, kirayə müqaviləsinin vergi məbləğinə yenidən baxmağa ehtiyac var. Yaxşı olar ki, aşağı məbləğli kirayə müqavilələri üçün vergi məbləği 5 faiz həddində olsun. Bu addım kirayə müqavilələrinin aktuallığını artırar və tərəflər arxayın olar ki, onların hüquq və vəzifələri dövlət tərəfindən qorunacaq”.

Nuray Məmmədzadə

COP29