Yeni illə əlaqədar 7 gün olacaq tətil günlərinin yaxınlaşması turizm sektorunu xeyli hərəkətləndirib.
Aydın məsələdir ki, bütün əsas bayramlarda olduğu kimi, yeni il ərəfəsində də səyahətə və istirahətə meylli insanlarımız artıq tətil günlərini harada-necə keçirəcəklərini planlamağa başlayıblar.
Maraqlıdır, xarici ölkələrlə işimiz yox, bayram günlərini Azərbaycanın bütün fəsillərdə cazibədar olan bölgələrində dincəlmək istəyən həmvətənlərimiz bu məqsəd üçün maddi baxımdan nə qədər hazırlıqlı olmalıdırlar?
Hazırda Azərbaycanın regionlarındakı otellərin təklif etdikləri Yeni il zərfləri bölgəyə və məkanın səviyyəsinə uyğun olaraq dəyişir.
Yenicag.az Azərbaycanın prestijli sayılan istirahət mərkəzlərinin qış tətili zərflərinin qiymətlərini təqdim edir:
“Shabran Weelbing Resort” istirahət mərkəzində 31 dekabr-5 yanvar tarixlərində 2 nəfər üçün nəzərdə tutulan qiymət 250-600 manat aralığında dəyişir.
Qəbələ rayonunda yerləşən “Qafqaz Tufandağ Mountain Resort Hotel” 2 nəfər üçün nəzərdə tutulan 2 gecəlik istirahətə görə qiyməti 1436 manat həddində müəyyənləşdirib.
“Qafqaz riverside Hotel” 2 nəfərlik 3 gün, 2 gecəni əhatə edən zərfi 1316 manata təklif edir.
“Lankaran Springs Resort” 2 nəfər üçün gündə 3 dəfə qidalanma daxil olmaqla 2 gecəlik zərf isə 1399 manata başa gələcək.
“Qalaaltı Hotel & Spa” istirahət mərkəzi 3 gün 2 gecə üçün nəzərdə tutulan zərfi müştərilərə 1400 manata təklif edir.
“El Resort Qakh Hotel”də isə 1 gecə üçün 2 nəfərlik zərf 388 manatdan başlayır.
“Marxal Resort Spa”da dekabrın 31-də 2 dəfə qidalanma (səhər və şam yeməyi) şərtilə əylənməyin qiyməti 360 manatdan başlayır. Həmin məkanda təşkil olunacaq Qala-Gecədə iştirak üçün qiymətlər isə 1450 manatdan başlayır.
Quba rayonu “Aynur Qala”da səhər yeməyi daxil, 2 nəfər üçün 3 gecəlik zərf müştərilərə 550 manata təklif olunur.
“Basqal Resort Spa”da isə 2 nəfər üçün 3 gün 2 gecəlik zərfin qiyməti 820 manatdır.
Məsimə Məmmədova