Vətəndaşların siyasətə etinasız YANAŞMASI: “Partiyalar ölkənin siyasi sistemində ciddi rol oynamırsa…”

“Qarabağ məsələsi gündəmi elə zəbt edib ki, daxili siyasət ikinci dərəcəyə keçib”.

Bunu Azərbaycan siyasi arenasındakı durğunluğu şərh edən Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu partiyaların siyasətdə ciddi rol oynamadığı üçün vətəndaşların da siyasi təşkilatlanmalara maraq göstərmədiyini bildirib:

“Koronavirus pandemiyası insanların bir yerə toplanmasına imkan vermir. Siyasi iş aparmaq üçün maliyyə lazımdır. Azərbaycanda partiyaların siyasi iş aparmaq üçün ciddi maddi texniki bazası yoxdur. Bundan əlavə, əhalinin siyasi partiyalaşma meyli çox aşağıdır. Siyasi partiyaların iş aparması üçün hüquqi baza da yoxdur. Misal üçün, proporsional seçki sistemi olsaydı, partiyaların rolu artsaydı, vətəndaşların da partiyaya marağı artardı. Bunların heç biri olmadığı üçün insanlar deyir ki, partiyaya üzv olmaqla, olmamaq arasında nə kimi fərq var. Məsələ burasındadır ki, vətəndaşlar haqlıdır. Partiyalar ölkənin siyasi sistemində ciddi rol oynamırsa, vətəndaşların da partiyalara qoşulmağı mənasız görsənir.

Süni sürətdə aktivlik etmək olmaz. Gərək, ciddi nəsə olsun ki, aktivlik artsın”.

Səxavət Məmməd