!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəni sağ olmağa peşman edənlər və ya Elman Rüstəmov niyə dirənir? - “A-dan Z-yə Aqil Ələsgərlə” - VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda on ikinci buraxışı ilə görüşünüzə gəlib.

İranın xarici işlər nazirinin Araz çayı ilə bağlı açıqlaması, həkimlərin Hippokratla imtahanı, Nəcməddin Sadıkov, Elman Rüstəmov kimi məmurlarla bağlı həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Video link:

Buraxılışın mətni:

İnamsızlıq çox ciddi bəladır. Bəzən ağzınla quş tutsan belə, inanılan olmayandan sonra çefayda…

***

Arazı ayıranların nəğməsi…

Çefaydadan söz düşmüşkən, əvvəl ağayi Zərifin Bakı səfərinə bir az toxunum, sonra inamsızlığa qayıdarıq.

Bəli, İranın Xarici işlər naziri bu həftə Bakıdaydı və gedərkən Arazın hər iki tərəfində yaşayanları ailə və soydaş hesab etdiklərini dedi. Ağayi Zərif, bəs sayın Ərdoğan “Arazı ayırdılar” deyəndə, əmmamənin yamağınımı tikirdi? O da elə bu ailəni sizin əcdadınızla indiki rusların deduşkalarının zorla ayırdığını söyləyirdi də. Siz deyəndə olur, Rəis deyəndə olmur? Elə sənin acığına, Ərdoğana bir də qulaq asaq.

***

Oqtay Şirəliyev Hippokrata inanır?

İnamsızlığa gəlincə, TƏBİB-lə Səhiyyə Nazirliyi o qədər bivec işlərə imza atdılar ki, indi insanlar onların vurdurduğu vaksinə belə inanmır.

Necə inansınlar ki, artıq bir çox insan “vitamin vurdurub, həkimdən vaksin vurdurduğuma dair sənəd alacam” anlayışına köklənib.

Ancaq anestezioloq-reanimatoloq Şahin Məmmədov deyir ki, “Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi. İndi inandız?”

Vallah and içənə qədər bəlkə də inanmaq olardı, ancaq Hippokrat Həzrət Abbas, Mir Mövsum Ağa yoxsa Seyid Lazım Ağadır ki, camaat inansın. Hippokrata heç Oqtay Şirəliyev inanmır, prostoy camaat niyə inansın ki?

***

Ceyranlar artdı, Nəcməddin buxarlandı…

Bu arada həftə ərzində öyrəndik ki, Azərbaycanda ceyranların sayı rəsmi olaraq, artıb. Ancaq Statistika Komitəsi ikiayaqlı yoxsa dördayaqlıların sayının artması barədə məlumat verməsə də, müharibə dövründə buxarlanan Nəcməddin Sadıkovun “artıq xidmətdə olmadığı”nı Müdafiə Nazirliyi açıqladı.

Müharibə aparıb zəfər çalan ordunun baş qərargah rəisi barədə xəsisliklə də olsa, bu açıqlama yetər. Sağ əli ordunun başında hələ də mövcudiyyətlərini qoruyan, qalib ordunu dövlətdən küsdürməyə çalışan kiçik “nəco”ların başına… Bu arada Prezidentin Ramin Quluzadəni nazir postundan çıxartması ilə Prezident Adminstrasiyasının İşlər İdarəsinin müdiri təyin etməsinin mətbuata ötürülməsi arasındakı interval da çox statusların yazılıb silinməsinə səbəb oldu.

***

Elman Rüstəmovun yeni bina dirənişi…

Elman Rüstəmov da babat dirəşib.

Onun yarım milyardlıq binada əyləşməyinə etirazlar çoxaldıqca, o da fikrindən dönmür. Ən son olaraq, deyib ki, Mərkəzi Bank öz hesabına tikəcək o binanı.

Bunu hər hansısa özəl sektor nümayəndəsi deyərdisə, hətta Azərbaycan reallığında belə qəbul etmək olardı. Ancaq dövlətin bankını idarə edən biri öz hesabına bina tikəcəyini deyirsə, orada bir zəhmət duracaq! Elman müəllim, öz hesabı dediyiniz zatən bu dövlətin və millətin pulu deyilmi? Yoxsa Sirac kişidən sizə sərvət qalıb, siz də indi o pula dövlət qarşısında günahlarınızı yumaq üçün bina tikirsiniz?

Və ya oğlunuz “Elçiano”nun bu il Avropadakı əyləncələrinə, milyonluq oyuncaqlarına xərcləyə bilmədiyi pulu dövlətə bağışlayacaqsınız?

Yoxsa qudanız Əhməd Əhmədzadə ilə birlikdə göyə sovurduğunuz tenderlərdən gələn “otkat”ları geri verəcəksiniz? Ya da bibiniz oğlu və biznesinizin əsas idarəçilərindən olan Talıbmı tikəcək o binanı öz hesabına? Əgər dövlətin pulu artıq qalıbsa, gərək mütləq ona akvarium tikib, ora göməsən? Hələ tikintidən də ikiqat “indiraqandi” edəsən? Dövlətin pulu artıq qalıb, qazilərə, şəhid ailələrinə payla, Yaşat Fonduna köçür. Doğulduğun Cəbrayılı ermənilər farslarla birləşib şumlayıblar.

O pula iki, bəlkə də üç Cəbrayıl tikmək olar. Bunudamı düşünə bilmədiniz? Yemək istəyirsiniz, orada yeyin, daha şəhərin mərkəzindəki akvariumda nə işiniz var? Bu akvariumda boğular, bir adam da “uf” deməz. Baxın Vüqar Səfərliyə, heç Antalyada, İstanbulda yedirib içirdikləri belə haqqında “Allah qapısını açsın” demir. Siz ondan da betər olarsınız…

***

Vətəni sağ olmağa peşman edənlər…

“Vətən sağ olsun”. Gözəl sözdü, ancaq əməl ilə söz üst-üstə düşməyəndə qıcıq doğurur. Elə su içində, bataqlıqda basdırılan şəhidlərimizlə bağlı yaşananlar da ürəyimizi dağladı. Görünən odur ki, dövlət müharibə hazırlığı görərkən, 44 gün gözə görünməyən məmur tayfası savaşın miqyasını hesablaya bilməyib.

Ancaq ümumilikdə, şəhid ailələrinə istisnalar xaricində məcburi də olsa, qayğı göstərilsə də, qazilərimizin durumu ürəkaçan deyil. Adi fizioterapiya ilə müalicə olunarsa sağalacaq qazilərimiz o yaralarla ömürlük qalmağa məhkum edilirlər bir çox hallarda. Çünki ekran qarşısında bütün məmurlar mələk olsalar da, ekran qaraldıqdan sonra həqiqi, prezidentdən ciddi-cəhdlə gizlətdikləri simalarını ortaya qoyurlar. Bakıda başqa millət vəkillərinin yanına düşüb Qazi və şəhid ailələri ilə şəkil çəkdirən deputatlar seçiciləri olan yaralı qazilərə baş çəkmirlər.

Bunun əvəzində erməni gülləsindən sağ çıxan qazilər yaxalarında Ali Baş Komandanın imzası ilə aldıqları medallarla hərbi prokurorluqmu, ermənilərlə mübarizə aparanları cəzalandıran kontormu olduğu bəlli olmayan qurumda min bir əziyyətlə qarşılaşırlar.

Əlbəttə günahı olan cəzalandırılmalıdır, ancaq müharibə zamanı isti kabinetindən çıxmayanlar savaşda olan əsgərin-zabitin psixoloji halını nəzərə almaq istəmirlər və nəticədə həssas təbəqə ilə dövlət arasında uçuruma yol açırlar.

Ayrıca, II Qarabağ savaşı qazilərinin durumu indi həssasdır, onların önə alınması anlaşılandır. Ancaq I Qarabağ qaziləri, heç uzağa getməyək, 44 günlük savaş üçün bizə ruh verən Lələtəpə döyüşlərində yaralananlar ciddi sıxıntı içindədirlər. Bəli, dövlət o insanları yaşatmaq üçün YAŞAT Fondu yaradıb və şəffaf fəaliyyəti təqdirolunandır. Fəqət digər qurumlar daşın altına əllərini qoymasalar, bir güllə bahar çox gec gələcək…

www.yenicag.az

5417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv