Vəzifədən SUİ-İSTİFADƏ: Abdin Fərzəliyevin havadarlıq etdiyi şəxslər Masazırda “AT OYNADIR” – FOTO/VİDEO
Abşeron rayonu Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə kütləvi şəkildə icazəsiz həyət evləri tikilir. Qeyd edilən sahədə tikinti işləri ilə məşğul olan şəxslərin Abşeron Rayon İcra Başçısı Abdin Fərzəliyev ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi bildirilir.
Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, hazırda Masazır qəsəbəsində qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Yaxınlıqdakı evlərdən axıdılan kanalizasiyanın keçdiyi və kəskin üfunətin olduğu həmin ərazi işbazlar tərəfindən qurudularaq yerində həyət evləri tikilir.
Əməkdaşımızın araşdırmasına əsasən məlum olub ki, bir neçə makler tərəfindən “göl” adlı yerdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz şəkildə həyət evlərinin inşası həyata keçirilir.
Qanunsuz tikililərin dərhal qarşısı alındığı bir zamanda Masazırdakı işbazların bu özbaşınalığına “dur” deyənin olmaması onların “havadar”ının Abşeron Rayon İcra Başçısı Abdin Fərzəliyevin olduğu barədə fikirləri doğruldur.
Ərazidəki sakinlər evlərin tikintisi ilə məşğul olan maklerlərin adlarının Elçin və Xəyal olduğunu bildiriblər. Sakinlərin iddiasına görə, tikinti işləri ilə məşğul olan maklerlərə himayədarlıq edənlərdən biri Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutur.
Araşdırma zamanı o da məlum oldu ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb. 100-ə yaxın evin tikintisi isə davam edir.
Onu da qeyd edək ki, maklerlər rəsmi sənədi olmayan bu evlərin satışından külli miqdarda qazanc əldə etmələrinə baxmayaraq həmin gəlirdən dövlətə heç bir vergi ödəmirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.