Vəzifələrini layiqincə yerinə yetirməyən Rusiya sülhməramlılar: “Bu, ermənilərinı törətdikləri təxribatlarla sübut olunur” – Politoloq

“Rusiya sülhməramlıları yerləşdirildikləri bölgədə öz vəzifələrini layiqincə yerinə yetirməsə, onların ərazimizi tərk etməsi məsələsi daha tez qaldırıla bilər”.

Bu sözləri Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqelərinin atəşə tutulmasını dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, erməni hərbi birləşmələrinin dəfələrlə təxribatlara əl atmaları, Azərbaycanın anti-terror əməliyyatını daha tez reallaşdırmasına şərait yaradacaq:

“Ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağdakı qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulmuşdu.Dünən axşam saatlarında isə növbəti təxribat baş tutub. Bu təxribatın kimlər tərəfindən və nə üçün görülməsi maraq doğurur. Əslində erməni hərbi birləşmələri təxribatın icraçısı olsa da, ilk sual Rusiyaya verilməlidir. Çünki Azərbaycan Ordusuna qarşı artıq dəfələrlə törədilən təxribat məhz rus sülhməramlılarının yerləşdirildiyi ərazi istiqamətində baş verir. Bu, rus sülhməramlılarının öz vəzifələrinin öhdəsindən hansı səviyyədə gəlməsi ilə bağlı sual doğurur.

Digər tərəfdən, üçtərəfli bəyanatın dördüncü bəndinə görə erməni silahlı birləşmələri çoxdan Qarabağdan çıxmalı idi. Lakin onların Qarabağdan çıxarılması baş vermir. Əksinə bugünə kimi Rusiya tərəfindən bu məsələyə görə hər hansısa bəyanat verilməyib. Bu hadisələr Azərbaycanın mövqeyini gücləndirir. Ona görə ki, erməni hərbi birləşmələrinin təhlükə və təhdid mənbəyi olması törətdikləri təxribatlarla bir daha sübut olunur. Ermənilər tərəfindən ordumuzun atəşə tutulması Azərbaycanın anti-terror əməliyyatını həyata keçirməsini gücləndirir. Azərbaycanın regionda sülhün bərqərar olması və qorunması ilə bağlı bəyanatlar səsləndirdiyi halda, bölgəni yenidən alov yuvasına çevirmək istəyən dairələrin istəkləri uğursuz olacaq”.

Gülşən Şərif