“Vəzirov o zaman SSRİ-nin sürətlə süquta doğru getdiyinin fərqində deyildi” – Sülhəddin Əkbər

“Xüsusi fərqləndirici cəhəti olmayan Vəzirov mənim yaddaşımda tipik partiya-komsomol işçisi kimi qalıb”.

Bu fikirləri yanvarın 10-da vəfat edən Azərbaycan KP MK-nın keçmiş 1-ci katibi (1988-90) Əbdürrəhman Vəzirovu xarakterizə edən Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin ilk tərkibinin üzvü olmuş Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Vəzirov Azərbaycana rəhbərlik etdiyi dövrdə vəziyyəti Moskvadan verilən tapşırıqlar əsasında sabitləşdirməyin mümkünlüyünə inanırdı:

“Əvvəla, Əbdürrəhman Vəzirovun ailəsinə başsağlığı verirəm, Allah rəhmət eləsin. Mərhum Vəzirov tipik sovet-komsomol işçisi olaraq düşünürdü ki, o dövrdə Azərbaycanda vəziyyəti Moskvadan verilən tapşırıqlar əsasında sabitləşdirmək mümkündür.

Açıq desək, o, SSRİ-də və ümumiyyətlə, dünyada gedən miqyaslı prosesləri düzgün qiymətləndirə bilmirdi və gedişatın haraya aparacağını görmürdü. Məncə, Vəzirov o zaman SSRİ-nin sürətlə süquta doğru getdiyinin fərqində deyildi. Bu baxımdan, xüsusi fərqləndirici cəhəti olmayan Vəzirov mənim yaddaşımda tipik partiya-komsomol işçisi kimi qalıb.

Onun həmin dövrdə müxalifətlə təmaslarına gəldikdə, yəni rəhbərlikdə kim olsaydı, o təmaslardan qaça bilməzdi. Vəzirovun hakimiyyəti dövründə xalq hərəkatının, onun öncül qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin gücü elə bir səviyyədə idi ki, onunla hesablaşmamaq mümkün deyildi. Hətta Moskvadan gələn nümayəndələr də AXC rəhbərliyi ilə danışıqlar aparmaq məcburiyyətində idilər”.

A.Zeynalov