!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VHP "Bölgədə durum və Afrin əməliyyatı" mövzusunda “dəyirmi masa” keçirib - FOTO

!Reklam – Yazi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə fevralın 15-də “Bölgədə durum və Afrin əməliyyatı” mövzusunda “dəyirmi masa” keçirilib.

Toplantıda VHP sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu, Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Adil Minbaşı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və başqaları iştirak ediblər.

Tədbiri VHP sədri Sabir Rüstəmxanlı açaraq Türkiyənin sərhədboyu terrorla üzə-üzə qaldığını bildirib: “Bu terror Türkiyəni təhdid edir. Terrorizm Türkiyədə həm separatizm dalğasını gücləndirir, həm də ölkənin iqtisadi-siyasi potensialının terrorla mübarizəyə sərf edilməsinə gətirib çıxarır. Bildiyiniz kimi, terrorun milləti, etnik mənsubiyyəti, insanlığı yoxdur. Dünya buna İŞİD-in timsalında bir daha şahid oldu. Azərbaycan da 30 ildir terrorizmdən əziyyət çəkən dövlətlərdəndir. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçular yuva salıblar”.

Onun sözlərinə görə, Türkiyədə baş verən proseslər Azərbaycan cəmiyyətini narahat edir: “Çünkü qardaş ölkə hər zaman ağır günlərində Azərbaycanın yanında olub. Ona görə də baş verənlərə biganə qalmamalıyıq və Türkiyənin yanında olduğumuzu bəyan etməliyik”.

VHP sədri deyib ki, Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatı dünyaya böyük nümunədir: “Çünki Türkiyə hərbçisi sivil vətəndaşlara güllə atmır. Əməliyyat nəticəsində şəhidlərin sayının artması da bu amillə bağlıdır. Amma təəssüflər olsun ki, NATO dövlətləri terora, terrorçulara gizli yolla dəstək verirlər. Türkiyənin yaxın müttəfiqi sayılan ABŞ terrorçuları silah-sursatla təmin edir. Həmin silahlar da Türkiyə xalqına, hərbçisinə qarşı çevrilir. Bu yaxınlarda da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terrorçulara 500 milyon dollar ayırıb. Əslində, bütün bunların arxasında türk düşmənçiliyi dayanır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində itkilərinin sayının daha da artacağını istisna etməyib: “Çünki iki həftəyə yekunlaşdırılması planlaşdırılmışdı. Ancaq artıq üçüncü həftəyə keçib. Əslində, bu əməliyyatla Türkiyə Silahlı Qüvvələri 2016-cı il iyunun 15-də dövlət çevrilişinə cəhd hadisəsindən sonra itirdiyi nüfuzunu yenidən geri qaytardı. Fikrimcə, Türkiyə Suriya prezidenti Bəşşar Əsədlə körpüləri tamamilə yandırmamalıydı. Əməliyyat Rusiya ilə razılaşdırıldığından heç bir problem yoxdur. İran əvvəl səssiz qalsa da, ancaq indi nala-mıxa vurur”.

Onun sözlərinə görə, Türkiyənin Suriyada ABŞ hərbçiləri ilə toqquşmaq ehtimalı var: “Çünki Türkiyənin İdlib və Münbiçi də terrorçulardan təmizləmək üçün planları var. Hətta ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşməkdə, rəsmi Vaşinqton terrorçuları silah-sursatla təmin etməkdə davam edərsə, İncirlik hərbi bazasının bağlanması gündəmə gələ bilər”.

E.Şahinoğlu Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarının və regionda nüfuzunun artmasının Ermənistanı da ciddi narahat etdiyini vurğulayıb.

Ədalət Partiyasının sədri İlyas İsmayılov qeyd edib ki, Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatının uzanması ərazinin dağlıq hissə olmasından və mülki vətəndaşlara xətər dəyməməsindən qaynaqlanır: “Biz Türkiyənin mövqeyini dəstəkləyirik. Əslində, bu prosesdən daha da ruhlanmalı, nümunə götürməli və nəticə çıxarmalıyıq. Yəni Azərbaycanın işğal olunmuş ərazində antiterror əməliyyatına başlamalı, Dağlıq Qarabağ və ətraf rayonları terrorçulardan təmizləməli və təcavüzə son qoymalıyıq. Türkiyə böyük dövlətdir, güclü siyasi rəhbərliyi var. Vətən yolunda şəhid verməyə daima hazır olan bir millətə qalib gəlmək mümkün deyil”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, Türkiyə türk dünyasının himayəçisidir: “Əgər “Zeytun budağı” əməliyyatı başlamasaydı, İraq və Suriyadakı kürdlər birləşərək Aralıq dənizinə, birbaşa okeana çıxış əldə edəcəkdilər. Bu da Türkiyə üçün böyük təhlükə deməkdi. Ancaq Münbiçə girmədən Afrin əməliyyatının faydası olmaz. Türkiyənin bu əməliyyatı uğurla başa vuracağına inanıram. Təbii ki, Azərbaycanın da beynəlxalq hüquqa görə Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək və torpaqlarını işğaldan azad etmək haqqı var”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, Azərbaycan “Zeytun budağı” əməliyyatından nəticə çıxarmalı, bu nümunəni Dağlıq Qarabağa və Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərinə tətbiq etməlidir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc vurğulayıb ki, Türkiyənin regionda yeri və rolu dəyişib: “Qardaş ölkə son proseslərdən də güclü dövlət olaraq çıxacaq və təhlükəsizlik zonası yaratmağa nail olacaq.

Araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu qeyd edib ki, Türkiyə 30 ildir savaşır və ya onunla 30 ildir savaşırlar: “Ancaq indi açıq savaşa girib. Bütün türklər Türkiyənin yanında olmalıdır. Çünki bu, ümumtürk savaşıdır. Azərbaycanın istiqlalı, gələcəyi Türkiyə və onun gələcəyi ilə bağlıdır. Mən hesab edirəm ki, Dağlıq Qarabağda başqa dövlətlərin deyil, məhz Türkiyə Silahlı Qüvvələri sülhməramlı qüvvə kimi yerləşməlidir. Bütün türklər Türkiyənin ətrafında birləşməli, türk supersistemi yaradılmalıdır. Bu, bizim ölüm-qalım savaşımızdır. Təhlükənin qarşısının alınması üçün mütləq türklər birləşməlidir”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, Azərbaycan dövləti və xalqı, birmənalı olaraq, Türkiyənin yanında olmalıdır: “Çünki Türkiyə qardaşımızdır, təbii müttəfiqimizdir. Bu əməliyyat Azərbaycan uğrunda gedən döyüşdür”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, Türkiyə doğru addım atır: “Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatını dəstəkləmək Qarabağın yanında olmaq deməkdir. Ona görə də “Zeytun budağı” əməliyyatını birmənalı şəkildə dəstəkləməliyik. Türkiyənin ABŞ-a meydan oxuması da ədalətli və doğrudur”.
Tədbirdə həmçinin Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Adil Minbaşı və başqaları da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda bəyanat qəbul edilib.

Sənəddə deyilir ki, Azərbaycan bölgədə və Türkiyə ətrafında gedən proseslərə biganə qala bilməz: “Bu proseslər Azərbaycanın da gələcəyi üçün təhlükə yaradır. Türkiyəyə qarşı qurulmuş gizli planların Qafqaza, o cümlədən Azərbaycana təsir edəcəyi şübhə doğurmur. “Zeytun budağı” əməliyyatı ilə Türkiyə təkcə özünü deyil, həm də 30 ildən bəri terrorla üz-üzə dayanan ərazilərinin 30 faizi separatçı-terrorçu qüvvələr tərəfindən işğal edilmiş Azərbaycanın və bənzər durumda olan digər dövlətlərin də maraqlarını qoruyur. Türkiyənin “Zeytun budağı” əməliyyatı çarəsizlikdən atılan bir addımdır. Qardaş dövlətin başqa bir yolu qalmamışdır. Çünki son illərdə Türkiyənin sərhədləri boyu gedən proseslər açıq-aşkar qardaş dövləti mühasirəyə almaq və dünyadan təcrid etmək məqsədi güdür. Terrorçu quruplaşmalar Güney Azərbaycanın da bir hissəsini içinə almaqla İraqın və Suriyanın şimalından Aralıq dənizinə kimi böyük bir bölgədə quracaqları çəmbərlə Türkiyəni qonşu dövlətlərdən ayırmaq, bununla yanaşı, qardaş dövlətin içində terroru və separatizmi gücləndirmək niyyəti güdür. Bir sıra qərb ölkələrinin dəstək verdiyi terrorçular bölgədə yaşayan bütün xalqlar, o cümlədən Azərbaycan türkləri üçün dözülməz şərait yaratmaqla İraqın və Suriyanın şimalında onları hər cür hüquqdan məhrum etmiş və kütləvi köçə zorlamışlar. Terrorçuların ABŞ və qərb tərəfindən ardıcıl dəstəklənməsi və silahlandırılması Türkiyəni parçalamaq və dağıtmaq planlarının başlanğıcıdır”.

Bəyanatda imperalist qüvvələrin dünyada yeritdiyi dağıdıcı siyasət və davamlı olaraq terror təşkilatlarına pul, silah yardımı etməsi diqqətə çatdırılıb: “Türkiyənin sərhədləri boyu terrorçulara dəstək və silah göndərən ölkələr hansı maraqları güdürlər? Qonşu ölkələrdə yüz minlərlə insanların ölümünə səbəb olan hərbi əməliyyatlar apardıqları halda Türkiyənin öz sərhədlərini qorumaqdan başqa yolu qalmır. Türkiyənin bu əməliyyatı dünyada, dünyadakı sülhə xidmətdir. Terrorun qarşısını almaq hər bir dövlətin borcudur. NATO “soyuq savaş”dan sonra əsas hədəflərdən biri olaraq terrora qarşı mübarizəni seçib. NATO ölkələrindən biri olan Türkiyə terrora qarşı vuruşur. Bəs yerdə qalanlar niyə terroru müdafiə edirlər? Deməli, burada ədalət, haqq, dünyanın təhlükəsizliyi prinsipi qorunmur”.(İnterpress.az)

www.yenicag.az

1804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv