VI Qlobal Bakı Forumunda “Çoxluqlar azlıqlara qarşı” adlı panel – FOTOLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi VI Qlobal Bakı Forumu “Çoxluqlar azlıqlara qarşı” adlı panel ilə davam edib.

Yenicag.az xəbər verir ki, panelin moderatoru Latviyanın sabiq prezidenti Valdes Zatlers bildirib ki, dünyanın bir çox yerində milli azlıqlara qarşı aqressiya və etnik zəmində münaqişələr çoxalıb.

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç isə bildirib ki, azlıqların çoxluqlara münasibətində çətinliklər çoxdur: “İndi elə bir dövrdür ki, məsələn, müsəlmanların çox olduğu cəmiyyətdə xristian, xristianların çox olduğu cəmiyyətlərdə isə müsəlman olmaq asan deyil. Amma bunun həllinə doğru çağırışlar da az deyil. Biz indi elə bir metod tapmalıyıq ki, bu çağırışlar həllini tapsın. Bu mövzuda indi siyasətçilər çox təəssüf ki, sərt mövqe tutmağa meyllidirlər. Bu da ona görədir ki, əks halda zamanın tələbi ilə seçkilərdə uduza bilərik”.

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev isə qeyd edib ki, indiki zamanda xalqları barışdırmaq çox çətindir: “İndi təəssüf ki, silahları işə salmaq çox asan, xalqların dialoq aparması isə çox çətindir. Buna görə də biz dayanıqlı sülhün mexanizmini tapmalıyıq. Bu gün ABŞ-da terrorçu olma ehtimalı ilə müsəlmanların bir çoxuna viza qadağasının tətbiqi kimi metodlar heç də sülhə xidmət etmir. Bu ümumiyyətlə normal metod deyil. Terrorçular təkcə müsəlmanlar olmur. Avropada yaxın keçmişdə bu fikrimi sübut edən faktlar çoxdur”.

Sloveniyanın sabiq prezidenti Danilo Turk bölgədə güclərarası qeyri-bərabərliyin qabardılmasından, bundan sui-istifadədən narahatlığını bildirib.

Öz növbəsində Moldovanın sabiq prezidenti Petru Luçinski güclərin idarə olunmasında liderlərin yetişməsi məsələsinə toxunub: “Məsələn, Azərbaycana baxın. Mən Azərbaycanı ötən əsrin 60-cı illərindən tanıyıram. Heydər Əliyevi yaxından tanımışam. O, Azərbaycanda inkişafa təkan verən elit təbəqəni hazırlaya bilib, əsl inkişafa səbəb ola bilib. Bu, bu gün də davam edir”.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, ermənilər milli-etnik zəmində qarşıdurmalar yaratmaq niyyəti ilə 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirərək, dinc əhalini kütləvi qırğınlara məruz qoyublar: “1918-ci il mart ayında silahlı erməni millətçiləri Sovet Rusiyasının hərbi yardımı ilə Azərbaycanın bütün ərazisində dinc azərbaycanlı əhaliyə qarşı əsl soyqırımı törədərək, minlərlə insanı qətlə yetiriblər. Çar Rusiyasının süqutundan sonra 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, tarixi Azərbaycan torpaqlarının bir hissəsində – İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan və keçmiş İrəvan xanlığının paytaxtı sayılan İrəvan şəhərini ermənilərə güzəştə getməyə və onu yeni yaradılmış Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Təəssüf ki, ermənilər bu güzəştə görə bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəklərini vəd etsələr də, sonrakı illərdə vədlərinə xilaf çıxaraq əvvəlki iddialarından yenə də əl çəkmədilər. Onlar Cənubi Qafqazın sovetləşməsindən sonra Azərbaycan torpaqlarını zəbt edərək, 1920-ci ildə Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam etdilər.

Tarixi hadisələrin gedişi göstərdi ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları və etnik separatizmin təməlini qoydu. Bunun ardınca, 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı əhali Ermənistanda etnik təmizləməyə məruz qalaraq öz tarixi torpaqlarından kütləvi şəkildə qovuldular. 1924-1988-ci illərdə ermənilər və onların himayədarları Dağlıq Qarabağ məsələsinin qaldırılmasına bir neçə dəfə cəhd göstərsələr də, məqsədlərinə çatmağın qeyri-real olduğunu anlayaraq, müəyyən məqamı gözləmək qərarına gəldilər. Belə bir məqam isə 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş Mixail Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində yarandı ki, ermənilər ondan dərhal bəhrələnməyə çalışdılar və yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı əksər yaşayış məntəqələrini işğal etdilər. Həmin il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri SSRİ-nin keçmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törətdilər. Xocalı soyqırımı dünya tarixində yaddaşlardan silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Sonrakı illərdə ermənilər hərbi təcavüzün miqyasını daha da genişləndirərək Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunun ərazisini işğal edib. Bütün dövrlərdə olduğu kimi, ermənilərin 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfərdən çox azərbaycanlı həlak olub, 100.000 nəfərdən çoxu yaralanıb, 50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Münaqişə dövründə 4.853 nəfər itkin düşüb, onlardan 1.357 nəfəri əsirlikdən azad edilib, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülüb”.

Ə. Həsənov qeyd edib ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyil: “Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər”.

Prezidentin köməkçisi vurğulayıb ki, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir: “Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyin etmə prinsipini bəhanə etməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərin – dövlətlərin suveren bərabərliyi, zor tətbiq edilməməsi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək və s. – kobud şəkildə pozulması deməkdir. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri başqa ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüquqi normalara uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirib. Azərbaycan prezidentinin dediyi kimi ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyada getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq”.

Bununla da panel üzrə müzakirələr başa çatıb.

COP29