!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vicdanın özü

!Reklam – Yazi

Zaman, 1992-ci ilin dekabrı.

Məkan, “525-ci qəzet”in redaksiyası.

“525”-ci qəzetin redaktoru Yusif Rzayev o dövrdə qəzetin ən məşhur rubrikası olan “Hayd-park”a müsahib tapmağımı istədi. Bir neçə gün idi bu qəzetdə işlədiyim. Hələ, necə deyərlər, müsahibə-filan götürmək mənlik deyildi. Amma rubrikanı kimsə davam etdirməliydi. Çünki səs-küylü müsahibələr alınırdı. Boyun qaçırmaq şansım yox idi deyə, razılaşmaq məcburiyyətində qaldım. Amma kiminlə müsahibə etmək məsələsi tam dəqiqləşmədi.

Yenə Yusif gəldi köməyə. Dedi, Nizami Süleymanovu tap, danışdır.

O dövrdə mərhum Nizami müəllimi ölkədə tanımayan yox idi. 1992-ci il 7 iyunda baş tutan prezident seçkilərindən heç 6 ay keçməmişdi. Hamı hələ də onun prezidentliyə namizəd kimi verdiyi vədlərin xülyasıyla yaşayırdı. Doğrudan da, Nizami müəllim həmin seçkilərdə nə az-nə çox – düz 35 faiz səs toplamaqla bir çox iddialı siyasətçini arxada qoymuşdu. Yalnız Elçibəyə uduzan akademik seçkini ikinci yerdə başa vurmuşdu. O, 1 milyon 50 min seçicinin səsini qazanmışdı.

Nizami Süleymanov prezident seçiləcəyi halda iqtisadiyyatı dağılmış, müharibə aparan bir ölkənin insanına fantastik vədlər verirdi. Orta və yaşlı nəsil yəqin yaxşı xatırlayar, nələr vəd etmirdi; 3 aya Qarabağı alacağından tutmuş, təzə evlənənlərə ev verəcəyinədək. Maaşların azı 20 dəfə qaldıracağından danışırdı, dünyada analoqu olmayan silah düzəldib erməniləri məhv edəcəyini deyirdi. Və təsəvvür edin, 1 milyon Azərbaycan insanı bu vədlərə inanaraq ona səs vermişdi.

Müharibə içindəydik, iqtisadi durum ağır idi sözsüz, amma ölkədə ciddi islahatlara start vermişdi Elçibəy hökuməti, milli valyuta dövriyəyə buraxılmışdı, neft kontraktları ilə bağlı danşıqlar başlamışdı. Bütün bunların fonunda Süleymanovun vədləri hələ də “şirin kökə” olaraq qalırdı.

Hə, müsahibədən danışırdıq axı? Həmin müsahibə Nizami Süleymanovun populist şüarlarını məhv etmişdi. O mifi dağıtmışdı. Müsahibədən iki-üç gün sonra Elçibəy hakimiyyətinin yüksək ranqlı məmurlarından biri “525-ci qəzet”ə gəlmişdi. Elə beləcə də demişdi:

“Dünən müşavirəydi, Əbülfəz bəy əlində “525”-i göstərib dedi ki, aylardır Nizami Süleymanovun populist şüarlarına qarşı AXC hökumətinin edə bilmədiyini, bir cavan uşaq bir müsahibəylə etdi”.

Uçmağa qanad tapammadım, sadəcə.

Bu sevgi idi

Bu sadəlik idi.

Bu diqqət idi. Və…

…və bu prezidentlik idi.

 

Zaman, 1993-cü ilin dekabrı.

Məkan, Ordubad, Kələki.

Bir qrup jurnalistlə Bəyin qonağıyıq kənddə. İlk dəfə orda tanış olduq, üz-üzə gəldik. Xatırlayıb, gülümsədi. “Qəzetinizi gətirilər mənə. Oxuyuram”.

İnanmadım. Baxışlarımdan tutdu. Və iki həftə əvvəl “525”də gedən bir yazının başlığını xatırladıb – o yazını ki indi nəiniki mən yaza, Rəşad Məcid çap edə bilər, heç o barədə fikirlşə belə bilmərik – yenə qıyqacı gülümsədi…

Bax, bu da sevgi idi.

Sadəlik idi.

Diqqət idi. Və…

…və prezidentlik idi.

 

Kələkidə olduğu 4 il 4 ayda düz 4 dəfə onun görüşünə getdik.  Bəzən səhərəcən söhbətləşirdik. Doymurduq. Adam da səhərin açılmasını istəməzmi? Amma biz istəmirdik. Lampa işığında otururduq çox zaman. Bəyin sarı “Camel”indən də doyunca çəkirdik. Hələ qayıdada bir qutu pay da verirdi. Bizim ən gözəl payımız isə nur seli idi. Bu adamdan axıb gələn nur seli. Enerji deposuydu sanki.

Yadımdadı, yay idi. “Azadlıq” qəzetinin müxbiri Kəbiran Dilavərliylə getmişdik. Neçə post keçəndən sonra səhərə yaxın çatmışdıq Kələkiyə. Bəy dincəlirdi deyə, kəndi gəzdik. Kəndin yaxınlığındakı dağa çıxmaq istədik. Çıxmaq deyəndə ki, iki şəhər uşağı, dağmı görmüşük. Sadəcə, cəhd edirik. Yarım saat keçmədi, özü gəldi dağa tərəf. “Düşün aşağı, siz şəhərdə dağmı görmüsüz, yıxılarsız”.

Birtəhər aşağı düşdük. Qollarını boynumuza sarıdı, gəzə-gəzə Vənəndçaya qədər gəldik. O, dağdan danışdı, uşaqlığından danışdı. Səmimi, dum-duru xatirələr. Xeyli danışıdı. Elə ordaca danışdıqlarını diktofona yazdıq. Məndə qalmayıb Kəbiran, səndə dururmu?

 

***

1997-ci ilin oktyabr ayının 30-da, 4 il 4 aylıq məcburi hicrətdən sonra Bakıya qayıtdı. Bir neçə gündən sonra çalışdığım “Yeni Müsavat”ın ad gününə qatılmışdı. Rauf bəydən gəldi ideya: “Elçibəysiz Kələki! Necədir? Bəlkə gedəsən?”

Bəyə dedik fikrimizi. Dərhal Kələkiyə zəng etdi. Kiminləsə danışdı. Sonra səhv etmirəmsə, mühafizəçisi Mərdana da tapşırıqlarını verdi. ”Gedin, aerportda qarşılayıb kəndə aparacaqlar”.

Getdim, bir gün qaldım. O bir gündə qonağı olduğum müəllimə – çox təəssüf ki adını unutmuşam- neçə dəfə zəng gəldi mənə görə.

Hə, getdim və Bakıya qayıtdım. Əla bir reportaj da alındı.

Amma o, Bakıya qayıtdıqdan sonra bir daha öz doğma kəndinə dönə bilmədi.

Rəsulzadə necə demişdi?

“Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “Irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”.

Hə, o gəncliyi Əbülfəz Elçibəy yetişdirdi. O gənclik ki o bayrağı yenidən parlamentin binasına sancdı. Əbülfəz Elçibəyin sevdiyi gənclik. Gəncliyin sevdiyi Elçibəy idi o.

Hə, o bizim gəncliyimizi əlimizdən aldı. “Öl” desə ölərdik bəlkə də. Amma o bizə öl deməzdi. Adam da sevdiyinə öl deyərmi?

4 il 4 aydan sonra kiçik torpaqdan qayıdan Elçibəy bilirsinizmi ilk olaraq kimin ziyarətinə getdi. Taleyin işinə bax, sizlərin bu yazını oxuduğunuz saatlarda, amma 25 il əvvəl qətlə yetirilmiş İkram Zeynalovun. 1993-cü il iyunun 15-də Göyçaya soxulmuşdu Surətin quldur dəstələri. Rayon əməlli müqavimət göstərmişdi. Amma böyük itki hesabına. İcra başçısının müavini İkram Zeynalov şəhid olmuşdu. Hə,məhz İkramı ziyaərət etmişdi Bəy! O nə görüş idi ilahi, bütün rayon Göyçayın mərkəzinə tökülmüşdü. Az qala hamıyla əl verib görüşürdü Elçibəy.

O gün Elçibəyin gənclər təşkilatının sədri dostumuz Bəhram İsmayıl yaxşı bir söz dedi: “Elçibəy başdan ayağa vicdan idi”. Hə, o vicdanın özü idi. O,onu 4 il 4 ay mühasirədə saxlayan polislərə, əsgərlərə yemək göndərəcək qədər vicdan sahibi idi.

O dövlətçi idi, amma dövlət adamı deyildi. Millət, milli ruh, türkçülük nə “mərəz” idisə, qənim kəsilmişdi ona. O, öz xalqını heç bir təmanna olmadan sevirdi. Onu başa düşmürdülər, “hərə yerindən bir daş atırdı”. Və daş atanlar da bilmirdi ki, bax, məhz onların yolunda özünü qurban verir, bu ADAM. Heç onu da bilmirdilər ki, bu BÖYÜK ADAM canından başqa heç kimə qıymaz.

***

Onu sevməyənlər də vardı. Onu, onun ideya və ideallarını, dövlət başçısı kimi apardığı siyasəti, iqtidarını, şəxsi həyatını az qala otuz ildir müzakirəyə çıxarırlar. Və illər boyu da belə olacaq. Amma bu müzakirələrdən, bu debatlardan, lap elə o adamlardan narahat olmağa qətiyyən ehtiyac yoxdur. Əksinə, bu müzakirələrdən, bu debatlardan, lap elə o adamlar çox olduqca ƏSİL HƏQİQƏTLƏR üzə çıxacaq. Və sonucda Elçibəyin necə bir DÖVLƏT ADAMI, necə bir DƏYƏR olduğu üzə çıxacaq . Yetər ki qərəzli olmasınlar. Çünki o özü beləydi. Sərt, iti və qayğıkeş gözləri ilə hər şeyi gözəl görürdü, hər şeyi gözəl öilirdi. Bizim bilmədiklərimizi də.

Elçibəy bir irsdir, bu irs bu millətin, canından çox sevdiyi millətin genindən gəlir. Hələ ehhh, neçə nəsil dəyişəcək, amma bu xalqın ona olan sevgisi dəyişməycək. Bir Elçibəy müridi, dostumuz Ehtiram İlham demişkən:

Sevgisi bəs edir bir məmləkətə,
Sığındı namusa, haqq-ədalətə.
Yanıb, işıqladıb qaranlıqları –
Alışan ruhunu verib millətə,
Közünü götürüb getdi dünyadan…

Səbuhi Məmmədli

 

“Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” 

www.yenicag.az

2173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv