!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vidadi Rzayevdən şok açıqlamalar: "Orada oturanlar, hamsı aftafalardı, yaltaq və sümsüklərdi"

!Reklam – Yazi

Bu gün Oqtay Abdullayevin sədri olduğu Azərbaycan Futbol Veteranları İttifaqının hesabat konfransı keçiriləcək. Təbii ki, konfransa bir çox veteran futbolçular dəvət olunub. Ancaq bu dəvət heç də bütün veteranlara şamil edilməyib. Ümumiyyətlə veteranların bir çoxu məhz bu İttifaqın fəaliyyətindən narazıdı. O cümlədən Azərbaycanın tanınmış futbolçularından olmuş və hazırda işsiz mütəxəssislər cərgəsində yer alan Vidadi Rzayev.

Onunla əlaqə saxlayıb həm sözügedən İttifaqın hesabat konfransına dəvət alıb-almamasını, həm də karyerası ilə bağlı yenilik olub-olmamasını soruşduq. Sən demə işsizlikdən bezən və diqqətdən kənarda qalan Vidadi bəyin ürəyi dolu imiş. Odur ki, suallarımızı dinləyən mütəxəssis emosional şəkildə ürəyini məhz Sport7.az-a boşaltdı:

“Oqtay Abdullayevin sədrlik etdiyi İttifaqı deyirsiz? Xeyr məni konfransa dəvət etməyiblər. İttifaqın fəaliyyətinə gəlincə, futbolçu karyeramı bitirdikdən sonra arabir görüşlərə dəvət edirdilər, mən də gedib veteranlarla oynayırdım. Razılıq yaxud narazılıq deyəndə, mənə nə “istisi” nə də “soyuğu” var. Qənaətbəxş hesab etmirəm. Orda oturanlar kimlərdi, vallah bilmirəm. Amma axtaran, maraqlanan yoxdu. Son vaxtlar tədbirlərə də dəvət etmirlər. Bir də ki, problem yoxdu. Daha öyrəmişəm belə şeylərə. Məni hər şeylə barışdırıblar. İşlə bağlı müraciət etməmişəm, nə deyə bilərəm ki? Təqaüd almaqla bağlı da bir neçə dəfə müraciət etmişdim, amma xeyri olmadı. Ona görə də başımızı girələməklə məşğuluq. Başqa dəvət də yoxdu. Hansı kluba deyəsən ki, “məni işə götür?” Yenə futbol adamları olsa, gedib ağız açmaq mümkündü. klublarda işlər çox pisdi. Köhnə, sovet dönəmindən qalan futbolçuların hamısını futboldan uzaqlaşdırdılar. Bir neçə nəfərdən başqa, hansı ki, həmişə əlləri yuxarıdadı. Nə danışsalar, “Düz deyirsiz” deyirlər. Başqa heç nə deyə bilmirlər. Heç nəyə narazılıq bildirmirlər. Çünki öz fikirləri yoxdu. Onlara da belə sərf edir. Veteranlar İttifaqı hansı veterana dəstək olur ki? 40-41 yaşım olardı, karyeramı bitirdim. Ondan sonra bir dəfə görmədim ki… Nəysə, inşallah bunların hamısı yoluna qoyulacaq”.

Ölkə futbolunun bu hala salınmamalı olduğunu deyən Vidadi bəy emosionallığını da gizlədə bilmədi: “Futbol vu vəziyyətə salınmamalı idi. Keçmişi onsuz da təmiz siliblər. Söhbət təkcə mənim kənarda qalmağımdan getmir. Bunlar futbolu inkişaf etdirmək istəmirlər. Harda tənqid yoxdusa, orda inkişaf da olmayacaq. “Hər şey əladı, superdi” deyənlərə, AFFA oturan bəziləri dəstək verir. Özünüz də bilirsiz kimlərdi. “Filankəs gəlsin, bəhmənkəs gəlsin” deyirlər. Belədisə aldıqları kateqoriyanı cırıb tullasınlar. Tutaq ki, mən PRO-nu başqa yerdə oxumuşam, digərləri də ayrı ölkədə oxuyub. PRO-nun buynuzu, qulağı var? PRO PRO-du də. Ona da eyni dərs keçirlər, mənə də. Onun da futbolçu praktikası olub, mənim də. Adamı olmaq başqa şeydi, bu öz yerində. Amma bəziləri deyir ki, filan məşqçi kənardan gəlib burada çalışmalıdı. Hansı ki, onu deyən özü PRO kateqoriyasına sahibdi. Belədə özünü təklif edə bilməz ki? Ehtiyac varmı bu vəziyyətdə kimsə kənardan gəlib Azərbaycanda işləsin? PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, işsizdi. Nazim Süleymanovu, Yunis Hüseynovu göstərə bilərəm. O cümlədən, təcrübəlilərdən Vəli Qasımov. SSRİ məktəbini keçənlər çoxdu. Yığmanı nəzərdə tuturam, PRO kateqoriyasına sahib olan məşqçi deyə bilməz ki, “elə mən özüm işləyərəm”? Mən tanıdıqlarımdan biri də deməyib ki, “özüm gəlib işləyərəm yığmada”. Hətta eləsi var ki, deyir “biz işləyə bilmədik, başqası gəlsin”. İşləyə bilmədinsə PRO-nu cır tulla. Kimə lazımsan? Xaricilərə o boyda xərc çəkib, gətirib burda işlətdiklərinə, o pulu uşaq futboluna xərcləsinlər də. Uşaq tapılmır ey oynatmağa. Bir dənə Mahir Mədətov tapıb çıxarıblar ortaya. Bəs sonra kim var? Barmağınızı qatlayın ki, filankəs gəlib oynayacaq. Gedib Almaniyanın 3-cü liqasından futbolçu gətirirlər. Bəz bizmkilər nə vaxt oynayacaq? İnanın deyiləsi çox sözlər var. Hamısı da deyiləcək. Hələ mənim sizə dediklərim onların 5-10 faizidi. Onsuz da işləmirəm. Yaltaq da deyiləm ki, gedib kiməsə xahiş edəm. Biz futbolçu olmuşuq ee…”

Əvəzedicilərlə Birinci Divizionun birləşdirilməsinə və çempionun Premyer Liqaya yüksəlməməsinə kəskin şəkildə narazılığını bildirən Vidadi bəy, etirazını belə bildirdi: “Hansı stimuldan danışasan? Birinci dəstədə çempion olurlar, ancaq Premyer Liqaya gəlmirlər. Bəs bu uşaq hansı stimulla oynasın? İnkişaf deyirlərsə, niyə “Keşlə”ni saxlayıb, “Kəpəz”i uzaqlaşdırırlar? “Kəpəz” də eyni vəziyyətdəydi, sonuncu yeri tutmuşdu. Lap “Keşlə”ni çıxarsınlar, MOİK gəlsin Premyer Liqaya, axı bu komanda çempion olub. Əvəzedicilər gəlib Birinci Divizionda oynayırsa… Allaha and olsun bunlarınkı futbol deyil. Hansı ölkədə görmüsüz ki, əvəzedicilər əsas komandanı Birinci Divizionda təmsil etsin? Birinci Dəstə müstəqil olmalıdı. Sizə sual verim, 8 komandalı çempionat ləzzət verir? Yaxud, hamımızın ürəyinin yandığı, çox sevdiyi, dünya birinciliyində görmək istədiyimiz Azərbaycan yığması, real yanaşsaq, Avropa çempionatının final mərhələsinə yüksələcək? Özləri də bunu bilir ki çıxmayacaq, amma yenə də Yurçeviçi gətirib işlədirlər. Uşaq futbolunu isə məhv ediblər. Mətbuatdan oxuyuram, Yurçeviç məsələsində yazıblar ki, “1 milyondu qiyməti, 300 min özünə veriblər, 50 mini filankəs götürüb” və sair, bu bitmir daha? Yerlilərə vermirlər, o heç, təpələrinə dəysin. Bəs bu yeyib dağıtmaq qurtarmadı? Bilirsiz mən niyə işsizəm? Çünki heç bir futbolçudan qara qəpik də almamışam. Heç kimə deməmişəm ki, “məni işə götür, qazandıqlarımızın 50 faizini sənə verəcəm, gəl yeyək dağıdaq”. Ona görə də mən işləmirəm, amma “yeyənlər”in hamısının işi var. Adamı “yandıran”, əsəbiləşdirən də budu. Gəncədə halal işləyirdim, 1500 manat maaş alırdım. Ordan da çıxardılar. Kimsə evinə diplomatla pul aparacaq, mən acından ölməliyəm? Belə futbol, murdarlıq, zibil olur? Futbolu belə idarə edirlər? “Hər şey idealdı, yaxşıdı” deməkdən yorulduq. Oturub fikirləşirsən ki, “Mənə nə vaxt iş verəcəklər?”. Tüpürm onların işinə. Aparıb başlarına çaxsınlar o işi”.

Azərbaycan futbolunun canlı əfsanələrindən sayılan sabiq futbolçu AFFA-dakı veteranları da tənqid etdi: “Əsəbimdən partlayıram. Heç kimin işləməyinə narazı deyiləm. Amma ən azından… Hələ durub sual da verirlər ki, “İş lazımdı, yoxsa pul?” Mənə iş lazımdı, özümü sübut etmək istəyirəm, artıq 52 yaşım var. Allah qoysa bunların hamısnı deyəcəm. Savadım, onlarınkından heç də zəif deyil. Tüpürüm onların savadlarına. Özümü tərifləmək olmasın, klubda işləmişəm, bunların hamısını bilirəm. Ancaq şans verən yoxdu. Ki bunu da bilərəkdən edirlər. Nazim Süleymanov iki oyun məğlub oldu, birində də heç-heçə etdi, “Sumqayıt”dan çıxartdılar. 7-8 oyunda da Ayxan Abbasov uduzub. Bəs bunlar hara baxır? Yenə deyirəm, heç kimin işləməsinə narazı deyiləm. Çox təəssüf. Amma tələsməyin, onların “oyunlarını” gözlərinə soxacam. Nə ediblərsə, hamısını sübutla alınlarına vuracağam. İndidən sonra işləmək fikrim də yoxdu. Bilərəkdən gətirib sürüyüb, bu günə qoydular. Hələ müsahibə də verirlər ki, “futbol ictimaiyyəti heç nə demirsə, deməli işimizdən razıdılar”. Futbol ictimaiyyətinin bir nümayəndəsi mənəm. Onlara deyəcəm, necə olur. Orada oturanlar, hamsı aftafalardı, yaltaq və sümsüklərdi. AFFA-da çalışan veteranlar onların dediyini deməlidi də. Başqa nə danışsınlar? Adını çəkmək istəmirəm, bir məşqçi vardı, dəvət etmişdilər AFFA-ya. O isə cavab vermişdi ki, “mən orda oturub sizin dediklərinizin hamısına əl qaldıra bilmərəm”. Yəqinki, yadınızdadı, Şurikin bir filmi vardı, nə soruşurlar cavab verir ki, “ya”. Bax AFFA-da oturanlar da elədi. Nə deyirlər, hamısı əllərini qaldırıb təsdiqləyir. Bir nəfər narazılıq etmir ki, “sən filan şeyi düz demirsən”. Pul alanlar, “yeyən”lər hamısı işləyir. Amma biz kənarda qalmışıq. Niyə belə olmalıdı. Niyə mən kənddə oturub acından ölməliyəm? Allahın təqaüdün də vermirlər. Heç deyən olmadı ki, “12-15 il “Neftçi”də oynamısan, al bu 80 manatı”. Amma “Neftçi”də oynamayanlar təqaüd alırlar”.

www.yenicag.az

5493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv