“VIII THE FİRST” mükafatları sahiblərinə təqdim edilib.
Yenicag.az xəbər verir ki, Müstəqillik Günümüzün qeyd olunduğu tarixdə “Hilton” otelində “THE FİRST” mükafatının VIII təqdimetmə mərasimi baş tutub.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib:
“”The First” mükafatı mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Bu mükafat müxtəlif ölkələrdən tanınmış insanlara təqdim olunur. Bu günə qədər təkcə qardaş Türkiyədən 30-dan çox sənət adamı – rejissorlar, aktyorlar, idmançılar, millət vəkilləri bu mükafatla təltif ediliblər. Bizim təqdim etdiyimiz “The First” beynəlxalq mükafat sayılır” .
Daha sonra mükafatın öncəki illərdə olan təqdimetmə mərasimlərinə aid videçarx nümayiş olunub.
Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, sənət adamları qatılıblar. Mükafat alanlar arasında akademik İsa Həbibbəyli, deputatlardan Məlahət İbrahimqızı, Fəzail Ibrahimli, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Xalq Yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev, Rəşad Məcid və digər şəxslərin də adı olub. Tədbirdə həmçinin, Türkiyə və Cənubi Azərbaycandan olan qonaqlar da iştirak edib.
Mükafatçılar sırasında elm, siyasət, iqtisadiyyat, mədəniyyət və ədəbiyyat aləminin tanınmış nümayəndələri də var.
28 nəfərə müxtəlif nominasiyalar üzrə “THE FİRST” mükafatı təqdim olunub. Mükafatçılar sırasında xalq artistləri Firəngiz Əlizadə, Rasim Balayev, Alim Qasımov, bəstəkar Gövhər Həsənzadə və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da olub, Cənubi Azərbaycandan Fəranək Fərid də var. Eyni zamanda 3 nəfərə İLESAM-ın “Türk dünyası onur” medalı verildi.
Bu medalı alanlardan biri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç olub. H. Kılıç ilk olaraq Azərbaycanın Müstəqillik Günü münasibətilə zalda əyləşənləri təbrik edib. O, bildirib ki, mükafatın dəyəri onun üçün böyükdür:
“Bu mükafat üçün təşəkkür edirəm. Eyni zamanda bu mükafatın ağırlığını, məsuliyyətini də yaşamaq çox əhəmiyyətlidir. Bura mənim vətənimdir. Mən çox mutluyam. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın sevinci üçün çalışacam. Azərbaycan mənim sevdamdir, eşqimdir ve bu, həmişə belə də qalacaq. Bunu belə də bilin. Hər birinizə təşəkkür edirəm. Böyük xidmət göstərib, bizləri təkrar görüşdürdünüz”.
Sonra Hulusi Kılıç “The First” mükafatını yazıçı Anara təqdim edib.
Qeyd edək ki, sabah Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü qardaşlıq mədəniyyəti” adında ədəbi-bədii gecə keçiriləcək. Bu ümumi layihələrin keçirilməsində “Büyükfırat” və “Azərkitab”ın böyük təşkilatı dəstəyi var.
“Fhe First” mükafatı alanlardan biri də TÜİB sədri Hüseyin Büyükfırat olub. O, təqdimatın belə bir əlamətdar günə -18 Oktyabr müstəqillik gününə təsadüf etdiyini məmnunluqla vurğulayıb:
“Bu ölkədə fəaliyyətə başlamağımın müddəti Azərbaycanın müstəqilliyinin bərpa tarixi ilə demək olar ki, eynidir. Azərbaycanı öz vətənim qədər sevirəm. Şadam ki, belə bir mükafata layiq görüldüm”.
Medal alanlardan biri də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də zalda əyləşənləri salamlayıb:
“Hər bir vətəndaş üçün ölkəsinin, dövlətinin müstəqil olmağından böyük qürur və şərəf yoxdur. Bu mükafat da bizim müstəqilliyimizin bir bəhrəsidir. Azərbaycanın müstəqilliyini dünyada tanıyan ilk dövlət Türkiyə olub. Ölkəmizin müstəqillik illərindəki Türkiyə ilə qardaşlıq əlaqələrinin yenidən çiçəklənməsinin əsasını ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyev qoyub. Cənab prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycan və Türkiyə əlaqələri daha da inkişaf edib, möhkəmlənib. Bütün dünyaya qardaşlığın əsl örnəyini göstərib. İki ölkə prezidentləri arasında olan möhkəm birlik Türkiyə və Azərbaycan birliyinin rəmzidir. Düşünürəm ki, bugünki mükafatın da Türkiyə və Azərbaycan qurumları tərəfindən bərabər təqdim olunması bu böyük dostluğun daha bir səhifəsidir. Var olsun müstəqilliyimiz”.
Qeyd edək ki, “THE FİRST”in informasiya dəstəkçisi “YeniÇağ” Media Qrupudur.
Cəvahir
Foto: Aytək