Vilayət Eyvazov Şuşada hərbi qulluqçuların xidmət şəraiti ilə tanış oldu

Zəfər Günü ərəfəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov, Qərargah rəisi, general-mayor Tofiq Hüseynov və Komandanın müavini, general-mayor İnqilab Muradov DİN-in hərbi qulluqçularının işğaldan azad olunmuş ərazilərdəki yerləşmə məntəqələrində olublar.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, nazir Vilayət Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin maddi-texniki təminatı ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Vilayət Eyvazov vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir.

Polis əməkdaşlarının və hərbi qulluqçuların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir onları Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb.