Virtual aləmdə İŞİD təhlükəsi

İŞİD terror təşkilatı əvvəllər ələ keçirdiyi ərazilərin demək olar ki, hamısını itirib, lakin bu təşkilat İnternet məkanında bütün dünyadan yeni tərəfdarlar cəlb etmək üçün səylərini hələ də davam etdirir.

Yenicag.az xəbər verir ki, İsveç Müdafiə Araşdırmaları İnstitutunun yeni hesabatında bu məsələyə toxunulur. Yeni hesabatın məqsədi “İslam dövləti” terror təşkilatının istifadə etdiyi rəqəmsal təbliğat metodları barədə məlumat verməkdir. Hesabatda terrorçuların rəqəmsal fəaliyyətinin müxtəlif aspektləri – materialların təbliği və yayılması, simvollardan istifadə edilməsi, məlumatların ötürülməsi üsulları, habelə uşaqlardan bu məqsədlə istifadə edilməsi texnologiyası təsvir olunur.

İsveç Müdafiə Araşdırmaları İnstitutunun mütəxəssislər bildirirlər ki, sosial şəbəkə platformaları belə təbliğata qarşı səmərəli mübarizə aparmağa çalışır, lakin bu sahədə ciddi problemlər var. İŞİD çox vaxt belə maneələrdən yan keçir və onları neytrallaşdırır.

Hesabatın müəllifləri vurğulayır ki, İŞİD-in daim dəyişən rəqəmsal landşafta uyğunlaşmaq qabiliyyəti, çox ehtimal ki, bu təşkilatı qoruyub saxlamağa imkan verəcək, çünki onun tərəfdarları bir-biri ilə ünsiyyət saxlaya bilirlər. Bundan əlavə, əsas sosial şəbəkə platformaları belə təbliğata qarşı səmərəli mübarizə aparmağı öyrəniblər. Lakin terrorçular bəzi hallarda onların təbliğat materiallarını rəqəmsal resurslardan silmək cəhdlərinin öhdəsindən uğurla gəlirlər.