“Yoxsa yalnız dövlət teatrlarında işləyənlər, ya da dövlət sifarişi ilə çəkilən filmlərdə rol alanlar aktyor sayılır?”
Bu sözləri vergi qanunvericiliyinə edilmiş son dəyişikliyə əsasən, mikrosahibkarlar (VÖEN-lə çalışan bütün fərdlər) üçün müəyyən edilmiş vergilərin 5 faizdən 20 faizə qaldırılmasının yaratdığı çətinliklərdən danışan tanınmış aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.
Heç bir yerdən gəlirləri olmayan aktyorların onsuz da maddi durumlarının ağır olduğunu bildirən sənətçi Mədəniyyət Nazirliyinə də sual ünvanlayıb:
“Keçmiş zamanlarda bir-iki aktyor toya gedib tamadalıq edirdi. İndi tamadalara da tələbat yoxdur. Heç bir yerdən gəliri olmayan aktyorların maddi durumu çox ağırdır. Bu gün bir çox aktyorlar seriallara çəkilib cüzi qonorarla dolanırlar. Amma bunu da bizə çox gördülər.
Yanvarın 1-dən qüvvəyə minən yeni dəyişikliklərə əsasən, VÖEN əsasında seriala çəkilən aktyorlar da öz cüzi gəlirlərindən artıq 5 yox, 20 faiz vergi, üstəlik də DSMF və icbari tibbi sığorta üçün vəsait ödəməlidirlər. Çox maraqlıdır ki, nədənsə, bu dəyişiklik film və ya kinoya şamil edilməsə də, həmin sektora aid olan seriala şamil olunub. Yaxşı, serial kino janrı deyilsə, bəs nədir?
Mədəniyyət Nazirliyi bu suala bir aydınlıq gətirməlidir. Sonra da şikayət edirik ki, bizim serialların səviyyəsi aşağıdır. Sual ortaya çıxır: indiyə qədər Azərbaycanda serial festivalı keçirilib? Nazirlik bu barədə nə fikirləşir? Serialda çəkilən aktyorları aktyor sayırlar, ya yox? Yoxsa yalnız dövlət teatrlarında işləyənlər, ya da dövlət sifarişi ilə çəkilən filmlərdə rol alanlar aktyor sayılır? Belə absurd yanaşma olar?
Bu gün dünya serial bazarında biz yoxuq. Bəs necə edək ki, biz də dünya bazarında yer tutaq? Bu cür münasibətin nəticəsində yerli seriallarımız “Yaşıl bazar”dan o tərəfə keçməyəcək. Belə olan halda da aktyorun qazancı haradan gəlməlidir? Bax, bu suala cavab tapılmalıdır”.
Cəvahir