Volfqanq Maniq: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm” – Almaniya səfiri ilə VİDEOMÜSAHİBƏ

“Almaniyanın Azərbaycandakı səfiri vəzifəsi üçün vakansiya olduğunu öyrənəndə, çox sevindim və dərhal müraciət etdim”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Almaniya Federativ Respublikasının (AFR) Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətini dəyərləndirən səfir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini bildirib:

“Azərbaycana gəlməzdən öncə Almaniyanın Vyetnamdakı səfirinin müavini, daha sonra Almaniyanın Konqodakı səfiri vəzifələrində işləmişəm. Bundan başqa, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş SSRİ-də böhran zonalarını izləmə şöbəsində də çalışmışam.

Məhz o zaman Azərbaycana ilk dəfə səfər etmişəm. Almaniyanın Azərbaycandakı səfiri vəzifəsi üçün vakansiya olduğunu öyrənəndə, çox sevindim və dərhal müraciət etdim. Bu vəzifəyə seçildiyim üçün çox şanslıyam.

Əlbəttə, Bakı o zamandan bəri tanınmaz dərəcədə dəyişib və bu, çox sevindiricidir. Bu gün mənim uğurla həll etməli olduğum bir neçə vacib vəzifə var. Bunlardan biri ölkəmiz və onun mədəniyyəti haqqında azərbaycanlıları məlumatlandırmaq, Azərbaycan xalqında Almaniya haqqında ətraflı təsəvvür formalaşdırmaqdır.

Ümumiyyətlə, bu gün ölkələrimiz arasındakı əməkdaşlıq yalnız siyasət sahəsində deyil, eyni zamanda, iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə də uğurla davam etdirilir”.

Humanitar əlaqələrdən danışan diplomat hazırda Azərbaycandan 1400 tələbənin Almaniya universitetlərində təhsil aldığını vurğulayıb:

“Bu çərçivədə mədəniyyət və təhsil sahələri xüsusi qeyd olunmalıdır. Məsələn, alman dilinin öyrənilməsi, tələbə mübadiləsi və sair. Azərbaycanlı tələbələrin Almaniyada təhsil almaları üçün maraqlı təhsil proqramları mövcuddur. Bu gün Almaniyada min dörd yüzə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu, tələbələr arasında təcrübə mübadiləsi baxımından önəmlidir. Əlbəttə, bu, asan deyil, ancaq ölkələrarası münasibətlərin inkişafı baxımından, çox vacibdir”.

Diplomat daha sonra ölkəmizdə özünü evindəki kimi hiss etdiyini deyərək, Azərbaycan xalqına xoş arzularını çatdırıb:

“Burada olduğum üçün sevinirəm və Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün çalışacağam”.

Səfirlə müsahibənin daha geniş versiyasını buradan izləyə bilərsiniz:

Söhbətləşdi: Cəmilə Çebotaryova
Hazırladı: Aqil Bəkir