“Volkswagen”in 36 saatlıq istehsal gücü və Azərbaycanın aqrar ixrac potensialı – Natiq Cəfərlidən İLGİNC MÜQAYİSƏ
“İdarəetmədə köklü dəyişiklik olmasa, ölkə iqtisadiyyatında heç bir pozitiv irəliləyiş mümkün deyil”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanın mövcud iqtisadi modelini və ixrac potensialını dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin sözlərinə görə, ölkənin iqtisadi potensialının artırılması üçün ciddi addımların atılmasına ehtiyac var:
“Nefti nəzərə almasaq, Azərbaycanın ixrac etdiyi məhsulun 1 kiloqramının dəyəri ortalama 1 dollar civarındadır. Lakin inkişaf etmək üçün ixrac məhsulunun 1 kiloqramı ortalama azı 10 dollar olmalıdır. Bu isə pomidor-xiyarla mümkün deyil.
Hazırda neft-qazdan gələn gəliri əvəz etmək üçün aqrar ixracatımız 20-25 dəfə artmalıdır. Bu isə fiziki olaraq, mümkün deyil.
Bu gün “Volkswagen” şirkətinin 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 ilə ixrac etdiyi aqrar sektorun dəyərindən çoxdur.
Ona görə də hazırkı modellə inkişaf etmiş ölkə olmaq mümkün deyil. Əsas bəla idarəetmə və məhkəmə sisteminin ədalətsiz olmasıdır”
Gülşən Şərif