Vüqar Səfərlinin “Mövqe”yi bağlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişaffına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsus “Mövqe” qəzeti fəaliyyətini dayandırıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, redaksiya rəhbərliyi “Mövqe”nin bağlanmasını maliyyət problemi ilə əlaqələndirib.

Qeyd edək ki, “Mövqe” qəzeti ciddi oxucu kütləsinə və cəmiyyətdə hər hansı nüfuza malik olmasa da, Vüqar Səfərlinin KİVDF-yə rəhbərlik etdiyi uzun müddət ərzində Fonddan ən yüksək kateqoriya üzrə maliyyə yardımı alan nəşrlər sırasında olub.

KİVDF sədri olarkən, V.Səfərli vəzifə səlahiyyətlərindən istifadə edərək, “Mövqe” qəzetini nazirliklərə məcburi abunə yazdırdığı üçün çap və digər xərcləri elə qəzetin satışından gələn gəlirlə ödənilib. Bu ildən etibarən isə bütün nazirliklər və digər dövlət qurumları ən yaxşı halda Moskvaya gedən pomidor yeşiklərini bəzəyən “Mövqe”dən imtina edib.