Vüqar Səfərlinin “qəzetlərə yardım siyahısı”: “Mövqe”yə 20 min manat ayrılması büdcə talançılığıdır”

“Kaspi” qəzeti mahiyyət etibarilə “Mövqe” kimi qəzetlərdən yüz dəfə yaxşı qəzetdir”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Müşahidə Şurasının ötən gün baş tutan iclasında 2020-ci ilin I yarısı üzrə maliyyə yardımı ayrılacaq qəzetlərin siyahısı təsdiqlənib.

Siyahıda ən çox diqqəti çəkən məqam “Kaspi” qəzetinin maliyyə yardımından kənarda qalmasıdır. Haqqında danışılan qərar KİVDF və onun rəhbərliyinin fəaliyyətini yenidən müzakirə mövzusuna çevirib. Bu barədə fikir bildirən ekspertlər Şuranın fəaliyyətində köklü keyfiyyət dəyişikliyinin zəruriliyini önə çəkirlər.

Fondun haqqında danışılan qərarını Yenicag.az-a dəyərləndirən professor Qulu Məhərrəmli bildirib ki, qəzetlərə bu formada maliyyə yardımı ayrılmasının fəlsəfəsi yalnışdır:

“Fondun müəyyənləşdirdiyi kateqoriyalar nisbi, sürüşkən və ağlabatan deyil. Məsələn, necə ola bilər ki, birinci kateqoriyaya “Mövqe” və onun kimi mənasız, heç bir ictimai rəy formaşaldırmayan qəzetlərə bu qədər vəsait ayrılır?

Azərbaycanda keyfiyyətli qəzet problemi var. Birinci kateqoriyaya düşən qəzetlər nə qədər populyar, keyfiyətli və oxunaqlıdır? Bu sırada “Kaspi” qəzetinə maliyyə yardımı ayrılmaması yalnışlıqdır. “Kaspi” qəzeti mahiyyət etibarilə “Mövqe” kimi qəzetlərdən yüz dəfə yaxşı qəzetdir. Ən azı, orada ədəbiyyat səhifəsi var, teatr səhifəsi maraqla izlənilir.

Düzdür, “Kaspi” qəzetini böyük tarixi olan, üç əsrin qəzeti kimi təqdim etməyi də dorğu saymıram. “Kaspi” qəzeti bu millət üçün bir mərhələdə dəyərli qəzet olub. O da 1896-1898-ci illərdə Əhməd bəy Ağaoğlu orada işləyəndə, Topçubaşov onun baş redaktoru olanda, Xoyski, Həsən bəy Zərdabi məsləhətçi kimi “Kaspi”də çalışanda… “Kaspi” qəzeti Cümhuriyyət dövründə bağlandı, buna səbəb də qəzetdə Cümhuriyyət və milli düşüncə əleyhinə yazıların verilməsi idi…

İndi bərpa ediblər, orta səviyyədə olan bir qəzetdir. Əli Həsənova görə bu qəzetə maliyyə ayrılmaması yalnışdır. Ehtimal edirəm ki, bu məsələdə başqa məqsəd də var. “Kaspi”dən əzabkeş bir şey yaratmağın da əleyhinəyəm”.

Qulu Məhərrəmli mediaya yanaşmanın dəyişmədiyini də sözlərinə əlavə edib:

“Görünən odur ki, mediaya yanaşma əvvəlki qaydada qalıb. Bu, çox yalnış bir xətdir. Bu məssələyə yenidən baxılmalıdır”.

KİVDF-nun fəaliyyətinə gəldikdə isə Qulu Məhərrəmli bunları deyib:

“KİVDF olmalıdır, ancaq öz Nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Cürbəcür müsabiqələr keçirmək, icra hakimiyyətləti ilə görüşlər kimi mənasız, mətbuata aid olmayan məsələlər ləğv edilməlidir. Ümumiyyətlə, Fondun fəaliyyətinə yenidən baxılmalıdır”.

Bu barədə Yenicag.az-a açıqlama verən tanınmış jurnalist Seymur Verdizadə KİVDF-da ciddi islahatlar aparılılmasının vacibliyi qənaətindədir:

“Ölkədə islahatlar aparılmağa başlayanda bildirdim ki, bu dalğa mətbuata, KİVDF-a da çatmalıdır. Təəssüflər olsun ki, KİVDF hələ də islahatlardan kənarda qalıb. Ancaq media islahatlardan kənarda qala bilməz. KİVDF islahatlara əlahiddə ehtiyacı olan bir qurumdur”.

“KİVDF-nun qəzetlərə maliyyə ayırması və keçirdiyi müsabiqələrin nəticələri ilə bağlı narazılıqlar həmişə olub”, – deyən Verdizadə qeyd edib ki, mətbuata dövlət yardımının yeni mexanizmi tapılmalıdır:

“Mövqe” qəzetinə dövlət büdcəsindən aylıq 20 min manat vəsaitin ayrılması yumşaq desək, büdcə vəsaitinin talan olunmasıdır. Azərbaycan dövlətinin Maliyyə Nazirliyi, dövlət büdcəsinə nəzarət etməli olan qurumlar KİVDF-nin fəaliyyətinə həssas yanaşmalıdırlar. Bizim vergilərimiz hesabına formalaşan büdcəni talan etməyə heç kimin haqqı yoxdur”.

Səxavət Məmməd

COP29