“Vurulmuş” separatçıların yenidən TƏŞKİLATLANMASI: “Paşinyan onları tutub Azərbaycana…”

“Çünki onlar öz havadarlarından pul almaq üçün “mövcudluq”larını göstərməlidirlər”.

Bu fikirləri Qarabağda məhv edilmiş separatçı rejim təmsilçilərinin Ermənistanda yenidən təşkilatlanmaq cəhdlərinin mümkün nəticələrini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qarabağdan gedən separatçıların Ermənistanda təşkilatlanmağa çalışmaları gözlənilməz deyil:

“Güclü dövlətə çevrilən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün üç il genişmiqyaslı tədbirlərə başlayaraq öz məqsədinə nail oldu. Müəyyən istisnalar olmaqla, Azərbaycanın regionda yaratdığı yeni reallıq dünya miqyasında qəbul olunmaqdadır.

Fransa kimi ölkələrə gəldikdə, onların indi əks mövqe tutmaları müvəqqətidir, həmin dövlətlər də zamanla bizim haqlı tələblərimizi qəbul edəcəklər. Bu səbəbdən, Qarabağdan gedən separatçıların Ermənistanda təşkilatlanmağa çalışmaları gözlənilməz deyil.

Çünki onlar öz havadarlarından pul almaq üçün “mövcudluq”larını göstərməlidirlər. Ancaq bu addımların heç bir nəticəsi olmayacaq. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda həmin adamları həbs edib Azərbaycana təhvil verməsi belə gözlənilir”.

Nəsimi Ələsgərli

COP29