Vüsalə: “Aparıcı müğənni deyil ki, səhnədə açıq-saçıq geyinsin”

Son vaxtlar aparıcıların geyim məsələsi ciddi müzakirələrə səbəb olub. Xanım aparıcılar açıq-saçıq geyimlərinə, kişi aparıcılar isə efirə saqqallı çıxmasına görə tənqid olunur.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Vüsalə Kərimova da açıq-saçıq geyimdə efirə çıxmağın əleyhinə olduğunu bildirib:

“İTV-nin İnformasya Departamentinin direktor müavini vəzifəsini icra edərkən də həmişə geyim məsələsi ilə bağlı mübarizə aparmışam. Aparıcıların efir geyiminə nəzarət edirdim – sadə, qəşəng, səliqəli olması üçün.

Aparıcı müğənni deyil ki, səhnədə açıq-saçıq geyinsin. Belə geyimdə hansısa tədbirə, yaxud da harasa gedirsə, özü bilər, bu, onun şəxsi işidir. Amma efirdə veriliş aparırsa, geyimi sadə, gözəl, qapalı olmalıdır. Qapalı deyəndə, demirəm çadrada çıxsın, amma normal geyinməlidir ki, ona irad bildirilməsin. Bunun tərəfdarıyam. Heç vaxt da özümün elə problemli geyimim olmayıb ki, irad bildirilsin. Nəinki efirdə, heç normal həyatda belə açıq-saçıq geyimləri sevmirəm. Kimsə geyinirsə, özü bilər. Söhbət teleməkandan gedirsə, olmaz, bu, düzgün deyil”.

Efirə saqqallı çıxan kişi aparıcılara gəlincə, V.Kərimovanin cavabı belə oldu:

“Saqqal indi dəb halını alıb. Bir var saqqalı dəb naminə nazik formada saxlayırlar, onlara bir imic verir. Bir də var bu saqqalı neçə ildir saxlayırlar, heç bəlli də deyil. Bu, çox pis görünür. Nəinki pis, çox iyrənc görünür, pintilik yaradır.  Bu “Özümə fikir vermirəm, məni izləyən tamaşaçıya isə heç fikir vermirəm”, – demək kimi kimi bir şeydir”.

Cəvahir