!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vyana görüşü: Azərbaycan üçün uğurlu yoxsa uğursuz oldu? – Analiz

!Reklam – Yazi

vyana gorusu basa catdi (3)Elxan Şahinoğlu: “Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa növbəti görüşlər əleyhimizə işləyə bilər”

Uzun fasilədən sonra nəhayət ki, Dağlıq Qarabağ danışıqları üzrə hər iki ölkə prezidentlərinin Vyana görüşü baş tutdu. Bir çoxları hələ görüş öncəsi onun əvvəlkilərindən fərqlənəcəyini bildirirdilər. Bunu da onlar aprel döyüşlərindən spnra prosesdə yaranmış yeni situasiya ilə əlaqələndirirdilər.
Görəsən, Vyana görüşünə danışıqlar prosesinə yeni ab-hava gətirəcək bir görüş kimi baxmaq olarmı? Burada əldə olunan nəticələr nə dərəcədə ümidvericidir?

Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Vyana görüşü bizə ümidlənməyə imkan vermədi: “ Vyana görüşü gözlədiyim kimi nəticələndi. Yəni heç nə ilə nəticələnmədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən çox, yenə detallarla boldur. Şeytan isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir. Birinci detal: “Münaqişə hərbi yolla həll edilə bilməz”. Amma, Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ qalmayacaq. İkinci detal: “Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud idarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”. Başqa sözlə vasitəçilər insidentləri araşdırmaq istəyir. Bu Ermənistanın çoxdankı istəyidir. Çünki, insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. İşğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşalmayacaq. Boşaltsaydı, bunu ötən 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da təmas xəttindən geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur.

Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə diqqətimi çəkdi. Lavrov deyib ki, “çox güman, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə həll etmək lazım olacaq”. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq.

Bütün hallarda Vyana görüşü bizə lazım idi. Çünki, bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki, münaqişənin həlli istiqamətində konkret addımlar atmadan görüşlərin davamı imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.

ELÇİN

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv