Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 7 fevral növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımızın toplantısı keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında 20 Yanvar kimi faciəvi, eyni zamanda, qürurlu tarixə malik Azərbaycan xalqının bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərqərar edərək, uğurlu gələcəyə doğru inamla irəlilədiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında xarici ölkələrdəki Azərbaycan diasporu ilə görüşlərin mütəmadi xarakter daşıdığını bildirib. O, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini, problemlərinin həllinə çalışdığını diqqətə çatdırıb.
Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının diaspor quruculuğu fəaliyyətində yeni mərhələ açdığını diqqətə çatdıran Elşad Əliyev hazırda dünyanın 14 ölkəsində Komitə tərəfindən 20 Azərbaycan Evinin yaradıldığı, 16 ölkədə 27 Azərbaycan dili həftəsonu məktəbinin açıldığı, diaspor təşkilatlarının nəzdindəki kurslarla birlikdə bu məktəblərin sayının yüzə yaxın olduğunu vurğulayıb.
O bildirib ki, hazırda Vətənimiz tarixinin ən önəmli dövrlərindən birini yaşayır, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa olunub.
Müstəqilliyimizin bərpasından sonra bu il ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələrinin fəaliyyət göstərəcəyini deyən komitə sədrinin müavini səsvermə hüququ olan Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal iştiraka dəvət edib.
Sonra “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun üzvləri çıxış edərək xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər. Diaspor fəalları ölkə daxilində siyasi sabitliyin hökm sürdüyünü, iqtisadiyyatımızın davamlı şəkildə inkişaf etdiyini, Vətənimizin dünya dövlətləri arasında layiqli yerini tutduğunu diqqətə çatdırıblar.
Təşəbbüs qrupunun üzvləri soydaşlarımızı qarşıdan gələn növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını, onun gələcəyinə biganə qalmadıqlarını ifadə etməyə çağırıblar.
Tədbirin bədii hissəsində Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) ifasında klassik əsərlərdən ibarət konsert proqramı təqdim edilib.