Vyetnamda Xocalı soyqırımının 27-ci ildönümü anıldı – FOTO

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Vyetnamın Sosial və Humanitar Elmləri Universitetində tədbir keçirilib.

Səfirlikdən Yenicag.az-a verilən məlumata görə, tədbirdə universitetin tələbə və professor-müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən səfir Anar İmanov Xocalı soyqırımı haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edərək bu mənfur siyasət çərçivəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun yalnız mülki əhalinin məskunlaşdığı Azərbaycanın Xocalı şəhərinə hücüm etdiyini bildirib.

A.İmanov uşağdan yaşlıya qədər yüzlərlə insanın amansızcasına həyatına son qoyan bu hücümu qəsbkar Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımı aktı kimi qiymətləndirərək onun insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu xüsusi vurğulayıb.

Eyni zamanda A.İmanov Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissəsi olduğunu bildirərək Azərbaycan Hökuməti tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd etmişdir. Həmçinin səfir Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edərək Azərbaycan tərəfinin gördüyü bu tədbirlər nəticəsində Xocalı soyqırımının baş verməsində bütün günahkar olan insanların cəzalandırılaraq məhkum ediləcəyinə ümidini ifadə edib.

A.İmanov tədbir əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına dolğun məlumat verib. Səfir münaqişə ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirərək məsələnin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd edib.

Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, habelə səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş “Xocalı soyqırımı” adlı kitab toplantı iştirakçılarına təqdim edilib.

COP29