Vyetnamın Azərbaycanda səfirliyi açılacaq

Vyetnamın Prezidenti Çan Dai Quanq Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı N.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Vyetnamın dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevin Çan Dai Quanqı Azərbaycana səfərə dəvət etdiyini xatırladaraq, yaxın gələcəkdə bu səfərin baş tutacağına ümid etdiyini və bunun iki ölkə arasında böyük hadisə olacağına əminliyini bildirib.

Hazırda ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirən nazir bu xüsusda 2014-2015-ci illərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin tarixində yeni səhifə açdığını qeyd edib. O, Hanoyda Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının ilk iclasının uğurla keçdiyini söyləyib və bunun ikitərəfli əməkdaşlığın sürətli inkişafına güclü təkan verəcəyinə əminliyini ifadə edib.

Vyetnamın dövlət başçısı Çan Dai Quanq öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. Dəvətə görə bir daha minnətdarlığının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edən Prezident Çan Dai Quanq yaxın gələcəkdə Azərbaycana səfərin mümkün olacağına ümidvar olduğunu bildirib. O, öz növbəsində Azərbaycan Prezidentini Vyetnama səfərə dəvət edib.

Dövlət başçısı iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vyetnamın keçmiş Prezidenti Xo Şi Minin rolunu xüsusi vurğulayıb. O, həmçinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın hazırkı inkişafından məmnunluğunu ifadə edərək, hökumətlərarası komissiyanın ilk iclasının ticari-iqtisadi əməkdaşlıqla yanaşı, təhsil, xalq diplomatiyası, mədəniyyət, turizm, enerji sahələrində əməkdaşlığa da öz töhfəsini verəcəyinə inandığını deyib.

Prezident Çan Dai Quanq Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar cari ildə hər iki ölkədə müvafiq tədbirlərin keçirilməsini tövsiyə edib.

Azərbaycanın energetika naziri N.Əliyev ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib və bu sahədə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının vacibliyini bildirib, məsələnin yaxın gələcəkdə həllini tapacağına ümidvar olduğunu deyib.

Yenicag.az