Türkiyənin paytaxtı Ankara şəhərində X Beynəlxalq Türk Dili Qurultayının açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, qurultay türk dillərinin elmi cəhətdən tədqiqini təşviq etmək məqsədilə Türk Dil Qurumu tərəfindən təşkil olunub.
Tədbirin açılışında Türk Dil Qurumunun rəhbəri professor Osman Mərd, Ali Qurum sədri professor Derya Örs və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam çıxış ediblər.
Tədbir Türk Dünyasının ortaq mədəni irsi olan türk dili ətrafında 21 ölkədən 200-ə yaxın elm adamını bir araya gətirib. Qurultayın açılış mərasimində “2024 Türk Dilinə Xidmət Mükafatları” təqdim olunub.
Mükafatlar elmi araşdırmaları və əsərləri ilə türk dilinin həm tarixi, həm də çağdaş dövrlərdə öyrənilməsinə işıq tutan professor Andras Rona-Tas, professor Çingiz Alyılmaz, professor Robert Dankoff və professor Zəki Kaymaza, eləcə də Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi ilə Avropa türkologiyasının qabaqcıllarından olan Macarıstan Eötvös Lorand Universitetinin Türkologiya Bölməsinə (ELTE) verilib. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından Fondun aparat rəhbəri Fəxri Hacıyev və layihə rəhbəri Nuri Aksu iştirak ediblər.