Xalq artisti: “Ağır taxtalıyıq, bunu özümə yaraşdırmıram”

Pandemiya olsa da, bir çox müğənnilər Azərbaycandan kənarda – Türkiyə və Rusiyada restoranlarda konsertlər verir, eyni zamanda dolanışıqlarını təmin edirlər.

Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova isə restoran səviyyəsində konsert verməyi özünə və sənətinə yaraşdırmadığını bildirib.

Sənətçi maddi sıxıntıları olsa da, restoran səviyyəsində konsertlərə qatılmayacağını deyib:

“Həmişə dövlət statuslu məkanlarda – Filarmoniya, Saray, Opera səhnəsində konsertlər vermişəm. Elə xarici ölkələrdə də nüfuzlu saraylarda konsertlərim təşkil olunub. Bizim sənətlə şou aləmi uyğun gəlmədiyi üçün restoranlarda konsertlər vermək bizdə alınmır. Biz ağır taxtalıyıq. Keçən il İstanbulda belə bir konsert təklifi aldım, amma imtina etdim. Çünki mənlik deyil, özümə və sənətimə yaraşdırmıram. Bizim janr fərqlidir. Estrada sahəsində olan müğənnilər daha çox belə konsert proqramları ilə çıxış edir”.

Səhnəmizin Leylisi “Bəs maddi dolanışığınızı necə təmin edirsiniz?” sualını belə cavablandırıb:

“Maddi baxımdan belə konsertlər sərf etsə də, mən heç vaxt maddiyyat arxasınca qaçmamışam. Allah deyib durmuşuq, yəqin ki, hər şey yoluna düşər. Verən də Allahdır, alan da… Maddi baxımdan hamı necədirsə, mən də eləyəm. Heç kim bilmirdi ki, sabah-birigün belə bir pandemiya olacaq. Elə musiqiçilər də. Davamlı qazancları olurdu və istədikləri vaxt kredit də götürürdülər. Onları ödəməyə indi imkanları yoxdur, buna görə onları qınamaq da düzgün deyil”.

Cəvahir