Xalq artisti: “Allahdan möhlət istəyirəm ki…”

“Baxmayaraq ki, cavan deyiləm, yaş üstünə yaş gəlib, amma ürəyimdə hələ qovuşmadığım arzularım qalıb. Yaradıcı adamların hamısı belədir, sona qədər arzuları bitib-tükənmir. Mən də filmə çəkilmək, yeni tamaşalarda rol almaq həvəsi ilə yaşayıram”.

Bu sözləri 74 yaşını tamamlayan xalq artisti, tanınmış aktyor və rejissor Vidadi Əliyev doğum günündə Yenicag.az-a açıqlamasında deyib. İlk təbriki oğlanlarından alan aktyor ilk hədiyyəsini də onlardan gözləyir:

“İlk təbriki oğlanlarımdan gözləyirəm. Həmişə belə olub. Amma bu günə qədər ən yadda qalan hədiyyəni də unutmamışam. İlləröncə çalışdığım İrəvan Dövlət Azərbaycan Teatrında bir tamaşaçım səhnədə mənə qartal heykəlciyi vermişdi. O hədiyyəni bugün də saxlayıram. Çünki o teatr həyatımın bir hissəsini təşkil edib. İrəvanda, o teatrda keçirdiiym günlər yadıma düşəndə kövrəlirəm”.

Allahla tez-tez ünsiyyətdə olduğunu edyən xalq artisti ən böyük arzusunu da dilə gətirib:

“Allahla danışanda ondan möhlət istəyirəm ki, son sözümü deyə bilim. Çünki yaradıcı insan elədir ki, daima özünü ifadə etmək istəyir. Ona elə gəlir ki, son sözünü hələ deməyib. Mən də beləyəm”.

Qeyd edək ki, V.Əliyev 54 ildir sənətdədir. Teatrda 167 baş rolda çıxış edib, kinoda 20-dən çox obrazlar canlandırıb. 35 tamaşaya quruluş verib, qaçqın düşən İrəvan Teatrını bərpa edərək, 11 il rəhbəri olub.

Cəvahir