Xalq artisti Amaliya Pənahova barədə: “Bunu gizlədirmiş, eşidəndə dəhşətə gəldim”

“Amaliya xanım həm gözəl qadın, həm də gözəl aktrisa idi”.

Bunu Yenicag.az-a açıqlamasında bu gün doğum günü olan mərhum xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova barədə xatirələrini bölüşən xalq artisti Rafiq Əzimov deyib.

“Biz onunla uzun illər eyni teatrda çalışıb, eyni səhnəni bölüşmüşük. Dəfələrlə onunla bölgələrdə qastrol səfərlərində olurduq. İnanın, onun iştirak etdiyi tamaşalara bilet tapmaq olmurdu. İnsanlar onu o qədər çox sevirdilər. O hələ gənc ikən, ikinci kursda oxuyanda Tofiq Kazımov onu Az.Dramaya dəvət etmişdi. İlk obrazı ilə də sübut etdi ki, Azərbacan teatr səhnəsinə böyük bir istedad gəlib. Sağ ikən o, özünə böyük bir sənət heykəli ucaldıb. Fərqli, bənzəri olmayan bir aktrisa idi. O, eyni zamanda məğrur, xanım-xatın bir aktrisa idi. Mən onun ölüm xəbərini eşidəndə dəhşətə gəldim. Çünki biz bir dəfə eşitmədik ki, Amaliya xanım xəstə olması barədə danışsın. Sonralar öyrəndik ki, o, xəstəliyini gizlədirmiş. Hətta yaxınlarına belə tapşırıbmış ki, bu barədə heç kim bilməsin. O, xəstə vaxtlarında məşqə gəlirdi, amma biz bilməmişik ki, o ağır xəstəliklə mübarizə aparır. Unudulmaz bir sənətkar idi, adını teatr və kino sənət tarixinə əbədi yazdı. O, sevgisinə, ailəsinə, həyat yoldaşına sədaqətli bir xanım idi. Təsəvvür edin, Fəxri Xiyabana layiq olan bir aktrisa öz vəsiyyəti ilə həyat yoldaşının yanında dəfn olundu”.

Cəvahir