Xalq artisti: “Bədən onundur, özü bilər neyləyir”

“Onsuz da çirkin qadın yoxdur. Yalnız gözəl görünməyi bacarmayan qadınlar var. Kimsə zahirən daha da gözəl görünmək istəyirsə, bu onun şəxsi işidir. Heç kimin başqasının öz şəxsi bədənində etdirdiyi əməliyyata irad tutmağa ixtiyarı yoxdur. Bədən onundur, özü bilər…”

Bunu tanınmış aktyor, xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor qadınların gözəllik naminə etdirdikləri uğurlu plastik əməliyyata pis baxmadığını bildirib:

“Dövrü qədimdən insanlar gözəllik yarada bilən vasitələrdən istifadə etməyə çalışıblar. Xüsusən də qadınlar. Məsələn, ənnik-kirşan, sürmə, xına, qaş aldırmaq, kiprik yapışdırmaq və s. İstər teatr, istər kino, istərsə şou nümayəndələri olsun, gözəl görünmək hamısı üçün vacib şərtdir. Və dünyanın hər yerində də plastik əməliyyat etdirmək dəb halını alıb. Əlbətdə ki, bu şəxsi bir məsələdir. Onlara irad tutmağın əleyhinəyəm. Amma fikir vermişəm əməliyyatdan sonra bir-birinə oxsar sifət və dodaqlara malik qadınları bəzən bir-birindən ayırmaq olmur. Bu, xoşagəlməz haldır. Bu mənada uğursuz əməliyyatların əleyhinəyəm. Əməliyyatın uğursuz olacağını əvvəlcədən bilən kəs belə riskə yol veməz…”

Xalq artisti əməliyyat etdirən kişilərlə də bağlı fikirlərini bölüşüb:

“Keçmişdə də zahirən yaraşıqlı görünmək üçün saqqalına xına qoyan və digər vasitələrdən istifadə edən kişilər olub. Amma belə deyirlər ki, zahirən çirkin olan insanlar ağıllı adamlar olur. Müdriklərlərin təbirincə desək, kişinin gözəlliyi elə onun ağlıdır. Düzü, mən teatr və kino aktyorları arasında plastik əməliyyat elətdirənləri görməmişəm. Bəlkə də var. Bir iş var ki, şou nümayəndələri yaxşı mənada tamaşaçıdan fərqlənməlidirlər. Ona görə də qiyafəsində dəyişiklik etmək, əgər səhnə və tamaşaçı zövqünə uyğundursa, pis deyil. O ki qaldı mənə, yaradan və valideynlərimin yaratdığına mənim müdaxilə etməyə haqqım və ixtiyarım qətiyyən yoxdur”.

Cəvahir