Xalq artisti, məşhur hitlərin müəllifi, tanınmış bəstəkar Eldar Mansurov tədbirlərin birində fotokameramıza tuş gəlib.
Yenicag.az-ın suallarını cavablandıran bəstəkar sənət aləmində baş alıb gedən qalmaqallardan da danışıb.
– Bu gün müğənnilərin yaradıcılıqdan çox qalmaqalla gündəmə gəlməsi bir bəstəkar olaraq sizi narahat edirmi?
– Əvvəllər narahat edirdi, amma indi yox. Artıq öyrəşib, vərdiş etmişik. Çünki bugünkü gündə hamısı çalışır ki, özünü qalmaqalla tanıtsın, adını hallandırsın. Əvvəllər musiqi aləmində müğənnilər sənətləri ilə yarışırdılar, özlərini tanıdırdılar. İndi isə qalmaqal dəbdədir. Bu gün deyəndə ki, artıq uzun illərdir yaradıcılıq aləmində bu qalmaqallar hökm sürür.
– Bəs musiqimizin aqibəti necə olacaq, tarixə düşən mahnılar olmayacaq?
– Tarixdə Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Rauf Hacıyev, Ramiz Mirişli, Oqtay Kazimi kimi bəstəkarların mahnıları qalıb. Bəlkə də, bunlardan da kimlərinsə mahnıları tarixə düşdü, bunu zaman göstərəcək. Hələ ki sual altındadır.
– Hərdən heyfslənirsinizmi ki, gül kimi mahnılar yazmışam, qalıb əlimdə. Kimə verim bunları oxusun?
– Əvvəllər fikirləşirdim, mahnımı kimə verim? Amma daha fikirləşmirəm. Nə onlar üçün mahnı yazıram, nə də axtarmıram ki, bu mahnını kimə verim, görəsən? Kim mənə müraciət edirsə, baxıram qabiliyyətinə, səsinə, ifa tərzinə. Qane edirsə, mahnımı verirəm, kimə gəldi vermirəm.
– Zamanında mahnılarınızla məşhurlaşan müğənnilərin indi bəzən qalmaqal etdiyini görəndə, təəssüflənirsinizmi?
– Var elə müğənnilər. Amma bu barədə heç düşünmürəm.
– Yəqin, xalq artisti Flora Kərimova ilə Röya arasında yaşanan qalmaqaldan xəbəriniz oldu. Reaksiyanız maraqlıdır…
– Müğənnilər arasında olan söhbətlərin mənə aidiyyatı yoxdur. Bu barədə danışmaq, münasibət bildirmək istəmirəm. Xahiş edirəm, bu barədə mənə sual verməyin.
– Gənc müğənnilərdən hansı mahnılarınızı oxuyanda ürəyinizdən tikan çıxarır?
– Hərəsinin öz stili var. Baxır müğənniyə. Mənim öz dövrümün müğənniləri olub və həmin sənətkarları sevmişəm. Cavanların da içində istedadlıları var. Onların içində elələri var ki, heç işbirliyimiz olmayıb, amma gözəl səsi, manevrası var, amma mənim oxuyanım deyil. Mənim mahnılarımı Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə, Firəngiz Rəhimbəyova, Cəfər Behbudov kimi müğənnilər oxuyub.
– Bu gün bəstəkarlar mahnılarını bəlli qiymətə satır…
– Bu mövzular mənlik deyil.
– Siz mahnılarınıza konkret qiymət qoyursunuz?
– Mahnı satmıram. Dostlarım üçün yazıram. Beş-on dostum var onlar üçün yazıram.
– Kimlər? Bəlkə ad çəkəsiniz?
– Brilyant Dadaşova, Mübariz Tağıyev, Yalçın Rzazadə, Faiq Ağayev, Aygün Kazımova, Manana – onlar mənim dostlarımdır, onlara necə mahnı sata bilərəm?
– Hansı mahnınızı dinləyəndə “əhsən sənə, Eldar” deyib, ürəyinizdə öyünürsünüz?
– Öz musiqimdən heç vaxt zövq almamışam. Zövq alsam da, heç vaxt demərəm ki, əhsən.
– Duyğulu anlarınızda hansı musiqiləri dinləyib, zövq alırsınız?
– Belə vaxtlarda klassik musiqilərə qulaq asıram.
– Sevimli müğənniləriniz varmı?
– Xarici bəstəkarlar və müğənnilər var ki, onların ifasını bəyənirəm. Əhvalıma uğyun olaraq dinləyirəm. Hərəsinin öz anı var.
– Bugünkü gündə mahnılar çox doğulur?
– Bilmirəm, onları indiki bəstəkarlardan soruşun, özləri desin.
– Sizi nəzərdə tuturam…
– Mən artıq mahnı yazmıram. Orkestr üçün instrumental musiqilər yazıram.
Cəvahir
Foto:Camalə