Xalq artisti: “Hamısı mini yubkada, oruc tutan yazıq gözünü bağlasın?” – MÜSAHİBƏ

Xalq artisti xanəndə Zabit Nəbizadə orucu batil edən günahlardan danışıb.

Yenicag.az-a müsahibə verən xanəndə bununla bağlı suallarımızı cavablandırıb. Sənətçi özü də oruc tutduğunu bildirib.

– Günahkar insanın oruc tutmasına necə baxırsız?

– Elə oruc tutmaq o deməkdir ki, insan ən azından günahlarını yavaş-yavaş yuyur.

– Yəni günahlarını yumaq üçün oruc tutanlar da var?

– Bilmirəm, soruşursunuz deyirəm. Yəni günahı olan insan oruc tutursa, Allah qəbul etsin, ən azından günahı yuyulur.

– Adam var oruc tutmur, amma pis əməllər də etmir. Sizcə, hansı daha yaxşıdır?

– Bunu din alimlərindən soruşsanız, daha dəqiq cavab verər. Belə də ki, oruc tutmaq hər kəsə vacibdir. Əgər xəstə deyilsə, tutmaq imkanı varsa, mütləq oruc tutmalıdır.

– Oruc tutan hər kəsə mömin demək olarmı? Məsələn adam oruc tutur, amma ev yıxır, başqasına şər atır və s…

– Hər kəsi öz qəbrinə qoyacaqlar.

– Sizin anlamınızda orucu nə batil edir?

– Günah işlər görüb, yalandan oruc tutursansa, olmaz. Allah hamının günahından keçsin, əgər Allah buyurduğu kimi kim oruc tutub, namaz qılırsa, onda gərək getsin meşədə tək yaşasın. Yəni bu, mümkün deyil.

– Niyə?

– Çıx “Torqovı”ya, gör oruc tutan yazıq neyləsin?

– Nəyi nəzərdə tutursunuz?

– Ağzında maska, mini yubkada gəzir. Əgər kimsə onlara baxırsa, bunun özü elə günahdır. Ya xanımlar hamısı çarşabda gəzməlidir, oruc tutan da günaha batmamalıdır. Bu mənada deyirəm ki, yəni əgər Allah buyurduğu kimi, kim oruc tutub, namaz qılırsa, onda gərək getsin meşədə tək yaşasın. Çıx “Torqovı”ya, gör orucu nə batil edir. Oruc tutan adam yazıq neyləsin, gözünü yumsun gəzsin?

– Siz gözəl xanım görəndə baxmırsız?

– Mən heç şəhərə çıxmıram.

– Bu fikrinizə irad tutacaqlar ki, müasir zəmanədə kim necə istəyir elə də geyinir…

– Zaman deyəndə ki, zaman elə həmin zamandır. Səhər saat 6-da gün çıxır, axşam 8-də gün batır. Yüz il əvvəl də belə olub, indi də belədir. Dövr, insanlar dəyişib.

– Belə anladım ki, açıq- saçıq geyinənlərin əleyhinəsiniz?

– Əleyhinə deyəndə ki, soruşursunuz orucu nə batil edir, mən də deyirəm biri bu. Tək “Torqovı”dan da söhbət getmir. Elə şəhərin hər yerində belədir.

Cəvahir

COP29