“Bəzən kimsə mənə deyir, sizi çox istəyirəm, amma onun nə qədər səmimi olduğunu bilmirəm. Zamanında da kimin ürəyində nə düşündüyünü bilməmişəm. Çünki ürəklər örtülüdür”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanımış xanəndə, Xalq artisti Səkinə İsmayılova efirdə aparıcı Zaur Baxşəliyevin gənclik illərində, səhnəyə yeni çıxdığı zamanlarda ona qarşı qısqanclıqların olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Xalq artisti ilk dəfə “Leyli və Məcnun” operasının premyerasında onu təbrik etməyə yalnız bir Leylinin gəldiyini bildirib:
“Mənim Leylini oynadığım dönəmlərdə əsas Leylilər Zeynəb Xanlarova, Rübabə Muradova və Nəzakət Məmmədova idi. 1980-ci il mayın 24-də mənim premyeram oldu. Tamaşama Nəzakət xanım gəldi. Həmin vaxt səhhətində problemlər var idi. Tamaşa fasiləsində səhnə arxasına keçdi və dedi ki, hər şey yaxşı gedir. Dedim, Nəzakət xanım siz gedin, özünüzü yaxşı hiss etmirsiz axı. Dedi, yox, mən getməyəcəm və tamaşanı sona qədər izlədi. O mənə bir söz də dedi ki, indiyə qədər qulaqlarımdadır. Dedi ki, zamanında tamaşama məni təbrik etməyə heç kim gəlməmişdi.
Bugünkü günə kimi, mən də bunu yadımda saxlamışam və həmişə deyirəm, məni təbrikə Leylilərdən bir tək Nəzakət xanım gəldi. Xanəndələr Əbülfət Əliyev, Əlibaba Məmmədov da gəlmişdi. İndiyə qədər xatırlayıram, mənim haqqımda gözəl sözlər də dedilər”.
Xalq artisti bəzi insanların sevgi kasadlığından əziyyət çəkdiyini bildirib və onlara səslənib:
“Sevgi çox önəmlidir. Baxırsan, adamın hər şeyi var, amma bədbəxt sevinə bilmir. Heç nə onları sevindirə bilmir. Azdan-çoxdan hər şeyin var, sevin də, niyə sevinmirsən axı? Başqasının da uğuruna sevinməyi bacarmaq lazımdır”.
Cəvahir