“Məni efirlərə yemək bişirmək üçün çağırmayın…”
Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış xanəndə Bilal Əliyev deyib.
Artıq seçim etdiyini deyən xanəndə dedi-qodu, qalmaqaldan uzaq olduğunu, yalnız sənətlə bağlı söhbətlərə zaman ayırdığını bildirib.
“Hər verilişə getmirəm, getdiyim verilişləri saf-çürük edirəm və seçim edəndən sonra gedirəm. Lazım olan yerlərdə görünürəm, lazım olmayan yerlərdə görünmürəm. Çünki gənclərə qoşulub yerli-yersiz hərəkət etməyim də düzgün deyil.
Mənə zəng vuran insanların hamısına tapşırmışam, məni yalnız dövlət tədbirlərinə çağırın ki, ağıllı fikirlərimi xalqıma çatdıra bilim. Məni efirlərə yemək bişirmək üçün çağırmayın, çünki yemək bişirmək üçün bizim gözəl aşpazlarımız var. Bəzi verilişlər var, ora məni dəvət etmək lazım deyil, çünki mənim yerim deyil. Lazım olan yerə çağırın. 6 yaşımdan səhnədə olan, bu sahədə təcrübəyə sahib adamam. İnsanların bilmədiyi nələrisə məndən öyrənməyə ehtiyacları var. Dedi-qodu, qalmaqal, boş-boş söhbətlər mənlik deyil”, – deyə o bildirib.
Vaxtilə toy qiymətləri ilə gündəmdə olan Xalq artisti pandemiyadan sonra toy qiymətlərində dəyişiklik etdiyini deyib:
“Azərbaycan çətin dövrlər yaşadı, daha sonra pandemiya düşdü ortalığa. Çətin günlərdən sonra özümə söz verdim ki, indən belə ən çox kasıbların yanında olacam. Şəhid ailələrinin övladlarının və qazilərin xeyir işlərini təmənnasız iştirak edirəm”.
Cəvahir