Xalq artisti KÖMƏK İSTƏDİ: “Ömrümə 1-2 il qalıb, istəmirəm, məndən sonra…”

“Bəlkə də ömrümə bir-iki il qalıb. Mən də istəyirəm ki, sənətimin müqabilində özümə qarşı diqqət, qayğı görüm”.

Bunu tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Dolanışığı ağır olan, çətinliklər içərisində əziyyət çəkən aktyor arzusunu dilə gətirib:

“72 yaşım var. Ömrümün 56 ilini kinoya həsr etmişəm, 50 filmdə rol almışam, 20 filmin rejissoruyam. İlk dəfə 1969-cu ildə “Uşaqlığın son gecəsi” filmindəki Murad obrazına görə “Ən yaxşı kişi” mükafatını Azərbaycana mən gətirmişəm. Xidmətlərimin müqabilində qayğı görmək istəyirəm. Biganəlik məni bir sənət adamı olaraq incidir. Heç vaxt qapı döyməmişəm, ağız açmamışam, problemlərimi əlimdə bayraq edib ağlamamışam. Bunu özümə ar bilmişəm, yaraşdırmamışam, özümə hörmət etmişəm, amma bəzən insan danışmağa məcbur olur. Dövlətimdən də həmişə razıyam, məni dəyərləndirib. Çox istərdim ki, mənə əməyimin bəhrəsi oalraq Prezident təqaüdü verilsin. Qızım, nəvəm xəstədir, özüm 3 xəstəliklə mübarizə aparıram. Dərmanlara pul çatdıra bilmirəm. Kommunal xərclər yığılıb üst-üstə. Borc götürməyə məcbur olmuşam. Təqaüd alsam maddi polblemlərimi həll edərəm. Bəlkə də ömrümə 1-2 il qalıb, istəmirəm məndən sonra doğmalarım əziyyət içində yaşasın”.

Cəvahir