“2020-ci il Vətən müharibəsindən sonra başlanan yeni inkişaf dövrü ölkəmiz üçün növbəti bir mərhələdir. Azərbaycanın bütövlüyü təmin edilib, suverenliyimiz tam bərpa olunub. Artıq yeni, bütöv və müasir innovativ inkişafı hədəfləyən Azərbaycanımız var. Azad edilmiş əraziləri də əhatə etməklə keçirilən bu seçkilər bizə regionun ən güclü dövlətinin vətəndaşı olmaq qürurunu yaşadır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Dövlət Milli Akademik Dram Teatrının aparıcı səhnə ustası Mehriban Zəki deyib.
Xalq artisti bildirib ki, sentyabrın 1-də keçiriləcək seçkilər gələcək inkişafımız üçün mühüm əhəmiyyət daşıyır. “Budəfəki seçkilərin ən mühüm özəlliyi müstəqillik tariximizdə ilk dəfə Azərbaycanın hər bölgəsində keçirilməsidir. Qeyd edilən amil Azərbaycan cəmiyyətində yüksək əhvali-ruhiyyə, xüsusi bir hiss yaradır. Bu bir reallıqdır ki, son 4 ildə Azərbaycan özünün obrazını tamamilə yeniləyib və ərazi bütövlüyümüzün təmin olunmasının ardınca vətəndaşlarımız öz seçki hüquqularından bütün ərazilərdə istifadə etmək imkanı qazanıblar. Biz artıq qalib dövlətik. Vətəndaşlarımız bu tarixi mərhələni yeni, tamam fərqli bir Azərbaycanın başlanğıcı kimi dəyərləndirirlər”, – deyə Xalq artisti bildirib.
Azərbaycanda hərtərəfli inkişafın, davamlı yeniliklərin vüsət aldığını önə çəkən Mehriban Zəki incəsənətin, xüsusilə teatr sənətinin dövlətin diqqətində olduğunu vurğulayıb. “Mən Azərbaycanın hər bir vətəndaşını sentyabrın 1-də seçki məntəqələrinə getməyə, ən layiqli namizədlərə səs verməyə çağırıram. Bu seçim, bu seçki Azərbaycanın gələcəyi üçün çox önəmlidir”, – deyə Mehriban Zəki fikrini yekunlaşdırıb.