Xalq artisti: “Mənim də o pula ehtiyacım var, amma qəbul etmirəm, çünki…”

“Mənə o aktyorlara veriləndən də artıq qonorar təklif edirlər. O demək deyil ki, ehtiyacım yoxdur. Mənim də bu gün pula çox ehtiyacım var. Amma…”

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Ənvər Həsənov deyib.

Aktyor kommersiya filmləri və seriallara çəkilmək istəməməsi və aldığı təkliflərdən imtina etməsinin səbəblərini də açıqlayıb:

“Mən o seriallarda çəkilməyə razılıq vermirəm, çünki o filmlərdə işləyə bilmərəm. Mən sırf milli tərzdə çəkilən ekran işlərində rol ala bilərəm. “Azərbaycanfilm”in vaxtilə çəkdiyi və tamaşaçıların bu gün də sevə-sevə baxdıqları o filmlərdən çəkilərsə, həmən filmdə rol ifa edərəm. Kinoda qazandığım 55 illik hörmət-izzəti axı niyə yerə vurmalıyam?”

Xalq artisti elə yaradıcılığındakı boşluğa görə uzun illər çalışdığı kinostudiyadan da gedib.

“Fevralın 1-dən ərizə yazıb, kinostudiyadan da işdən çıxdım. Düzdür, dost-tanış dedilər nahaq çıxdın. Qalıb neyləyəcəm ki..? Evim də Şüvəlandadır, bağda qalıram. Buradan ora gedib-gəlmək də çətindir. Həm də filmlərə çəkilməyəndən sonra nə fərqi var ki, işdə qaldım, ya çıxdım”.

Cəvahir Nehru