Xalq artisti ölümdən döndü: “Tormoz” tutmadı, maşın çevrildi…” – FOTOLAR

Baş rola çəkildiyi kommersiya filmlərindən birinin Qala gecəsində Hacı İsmayılovla qarşılaşdıq. Gənclərin ərsəyə gətirdiyi filmlərə həvəslə çəkildiyini deyən aktyor aldığı qonorardan da danışdı. Xalq artisti söhbət əsnasında həyatında baş verən maraqlı hadisələri də xatırladı. Avtomobil həvəskarı olan aktyor, sən demə, ağır qəzadan da son anda qurtulubmuş.

Xalq artisti, tanınmış aktyor Hacı İsmayılovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bir çox xalq artistləri var ki, gənclərin çəkdiyi filmlərdə iştirak etməyi özlərinə yaraşdırmırlar. Amma son vaxtlar sizi kommersiya filmlərində görürük…  

– Dəvət edəndə çəkilirəm.

– Aldığınız qonorar sizi qane edir?

– Hər halda, məni fərqləndirirlər. Bir də ki, mən aktyoram, əsas odur ki, məni qane edən rol olsun. Qonorarda reallığı da nəzərə alıram.

– Heç olubmu ki, böyük sənətkar olduğunuza görə, şərtlərinizi söyləmisiniz, sizə güzəşt ediblər?

– Şərt deyəndə ki, əvvəl ssenariyə baxıram, xoşuma gəlirsə, çəkilməyə razılıq verirəm.

– Heç obrazlarınızın vurğunu olan  imkanlı fanatlarınız sizə bahalı hədiyyələr edib?

– Ən böyük hədiyyəni mənə Prezidentim verib – ev bağışlayıb. Bundan böyük hədiyyəm olmayıb. Nəyi arzulamışam, özüm almışam.

– Məsələn?  

– İstəyirdim avtomobilim olsun, var. Çox böyük avtomobil həvəskarı olmamışam. Çünki böyük maşının xərcləri də çox olur. Balaca maşın xoşlayıram, çünki həm də rahatdır.

– Yol polisləri ilə aranız necədir, necə deyərlər, qaydaları pozanda,  heç sizi “yola verirlər”?

– Hamısı mənə hörmət edir. Bir dəfə yol polisi avtomobilimi saxlayıb, çox sorğu-sual etdi. Sənədlərimi istədi. Həmin yol polislərindən biri də məndən qabaqkı avtomobili saxlayıb, sürücünü sorğu-sual edirdi. O adam mənim yanıma gələndə təəccübləndi, polis həmkarına hirsləndi ki, bu adam bizim görkəmli aktyorumuzdur, niyə saxlamısan? Polis də tanımadığını söylədi. Sonradan bildim ki, həmin polis Özbəkistanda yaşayırmış, Azərbaycana yeni gəlib.

– Sürəti sevirsiniz?

– Qətiyyən. “90”dan yüksək sürməmişəm. Həmişə deyirəm ki, “90″a qədər sənindir, “90″dan o yana sənin deyil.

– Heç qəza keçirmisiniz?

– Bir dəfə olub. On ilin söhbətidir, Yevlax-Bərdə yolunda maşını aşırdım. Qəfildən əyləci basdım ki, maşını saxlayım, “tormoz” tutmadı, avtomobil sürüşüb torpaq yola çıxdı. Yığışdıra bilmədim, maşın çevrildi. Yaralandım, çiynimdən zədə aldım.  Məni Allah saxladı. Qarşı yolda maşın olmadı, yoxsa ki, bədbəxt hadisə qaçılmaz olacaqdı.

– Adətən məşhurlar maşın azarkeşi olur, tez-tez avtomobillərini dəyişirlər. Sizin indiyə qədər neçə avtomobiliniz olub?

– İndi sürdüyüm maşının markası “Fiyat Albeya”dır. Əvvəl “Zaparoji”m vardı, sonra “Moskviç”, bu üçüncü maşındır. On ildir sürürəm, narazılığım da yoxdur. Məni yolda qoymayıb.

– Doğrudurmu ki, insanın xasiyyəti necədirsə, avtomobili də elə idarə edir?

– Bu fikirlə mən də razıyam. Mən özüm xaraktercə sakit təbiətli insanam, elə maşını da sakit sürməyə üstünlük verirəm. Qaza basmaq, yüksək sürət mənlik deyil. Sükan arxasında hər zaman ehtiyatlıyam. Bütün bədbəxt hadisələrə səbəb yüksək sürətdir.

Cəvahir

Foto: Cəmalə

 

 

 

 

COP29