Xalq artisti: “Onların ruhu qarşısında xəcalət çəkirəm”

“O döyüşlərdə şəhid olan oğullarımızın ruhu qarşısında xəcalət çəkirəm, çünki bu gün onlar həyatda yoxdur, amma biz yaşayırıq. Onların şəhidliyi önündə baş əyirəm”.

Xalq artisti, tanınmış aktyor və rejissor Elxan Qasımov Yenicag.az-a aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızla bağlı danışarkən belə deyib.

Rejissor onların həyatlarının ekranlaşdırılmasının vacib olduğunu bildirib:

“O şəhidlər Azərbaycan gəncləri üçün bir nümunədir. Onlar döyüşdən qaçmadı, düşmən üzərinə yeridi və qələbə çaldı. Onların keçdiyi şücaətli yol, qəhrəmanlıqları haqqında sənədli filmlər çəkilməlidir. Qoy gənclərimiz o filmlərə baxıb mərdliyi, torpaq uğrunda mübarizə aparıb şəhidlik zirvəsinə yüksəlməyi onlardan öyrənsinlər. Bu gün əsgəri xidmətdən yayınan gənclərimiz baxıb görsünlər ki, vətənini, xalqını, torpağını sevən və uğrunda canını verən belə oğullarımız var”.

Cəvahir