Xalq artisti: “Onu hər gün lənətləyirəm…”

“Koronavirusu hər gün lənətləyirəm. Ona görə yox ki, doğum günümü keçirməyə imkan vermədi, onsuz da uşaqlıqdan mən doğum günümü qeyd etməyi sevməmişəm. Lənətləyirəm ki, insanları məhv edir, arzularını yarımçıq qoyur”.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Qurban İsmayılov doğum günü təəssüratlarını bölüşərkən belə deyib.

Aktyor Allahın ona bəxş etdiyi hədiyyədən də danışıb:

“Mənim üçün fərqi yoxdur, yaş 59 olsun, ya 50, 40. Bütün yaşlarda özümü necə hiss edirəmsə, elə də yaşayıram. Rəqəmlərin mənim üçün əhəmiyyəti yoxdur. Allah verən ömürdür, yaşayırıq. Yaş üstünə yaş gəlir, qocalığı və bir gün də köçümüzü çəkib gedirik.

Allahdan ən böyük hədiyyəmi almışam. Gözəl övladlarım ən böyük hədiyyəmdir. Arzum balalarımın xoş gününü görmək və cansağlığıdır. Aktyor sənəti ilə xoşbəxt olur. Arzularım yeni rollara çəkilməkdir. Çəkilirik də…”

Xalq artisti ilk hədiyyəsini də övladlarından və həyat yoldaşından alıb.

Cəvahir