Xalq artisti telekanalların “REKLAM STANDARTI” haqda: “Sosial şəbəkələrdə kimlər gündəmdədirsə…”

“Çıxıb efirdə ailəmdən danışası, ya da başqalarının problemini həll edəsi deyiləm”.

Bu fikirləri Xalq artisti, xanəndə Zabit Nəbizadə Yenicag.az-a açıqlamasında deyib.

O, son vaxtlar “şit” mahnıların daha çox dəbdə olduğunu və reytinq gətirdiyini bildirib:

“Hesab edirəm ki, bu gün televiziyalara az adam baxır, əksəriyyət sosial şəbəkələrə maraq göstərir. Adam var, bir mahnı oxuyur, bütün insanlar onu bəyənir, özünə auditoriya yığır, baxış sayı milyonu keçir. Buna da normal yanaşıram. Yalnız bizdə deyil, bütün dünyada belədir.

Klassik və ciddi musiqiyə az yer verilir, şit, trenddə olan mahnılar daha çox dəbdədir. Gündəm məsələsi də var. Nə reklam edilirsə, o da gündəm olur. Hamı reytinqə işləyir. Reklamı olmayan malın bazarı yoxdur. O məhsulların nə alıcısı var, nə də satıcısı.

Sənət də belədir. Yüzdəyüz təbliğat, reklam olmalıdır. İndi sosial şəbəkələrdə kimlər gündəmdədirsə, telekanallar da onları efirə çağırır ki, verilişləri baxımlı olsun. Demirəm, məni çağırmırlar, sağ olsunlar, dəvət edirlər.

Amma efirlərə az-az gedirəm. Fonoqram da oxumuram deyə, getmirəm. Hər gün efirə çıxıb eyni mahnıları oxumağın da mənası yoxdur axı… İstəyirəm gedəndə, yeniliklərlə gedim”.

“Bəlkə verilişlərə az-az çıxmağınızın səbəbi aparıcıların sizi qalmaqala çəkəcəyindən ehtiyat etməyinizlə bağlıdır” sualına xanəndənin cavabı belə oldu:

“Damara baxıb qanı alırlar. Mənə heç vaxt efirdə şit suallar verməyiblər. Özümə uyğun suallar verilib. Uyğun deyəndə ki heç vaxt çıxıb efirdə ailəmdən danışası, ya da başqalarının problemini həll edəsi deyiləm. Mənə musiqidən, sənətdən sual verirlər, onları cavablandırıram”.

Cəvahir

COP29