Xalq artistindən aparıcılara SƏRT İRAD: “Ürəkləri yanmır axı…”

Tanınmış diktor, Xalq artisti Ofeliya Sənani xəbər aparıcıları ilə bağlı tənqidi fikirlər səsləndirib.

Yenicag.az-a açıqlama verən diktor onlarda peşələrinə sevgi hissinin azlığından şikayətlənib:

“Xəbər aparıcılarında çatışmayan sevgidir. Onlar xəbəri oxumaq xatirinə oxuyurlar, xəbəri yaşamırlar. Mətni səsləndirməklə iş bitmir. İşə yalnız iş xatirinə gəlib-getmək olmaz, gərək peşəyə sevgin olsun. Bəzən görürsən dəhşətli bir xəbəri səsləndirir, amma səsində heç bir emosiya hiss olunmur. Ürək yanmır axı. Ən azı intonasiya dəyişməlidir”.

Xalq artisti keçmiş diktorlarla müqayisə edib:

“Bizim vaxtımızda diktorlar xəbəri oxuyanda ürək qoyurdular. Yadımdadır ki, “Günün ekranı” xəbərlər proqramında bir dəhşətli hadisəni xəbər verirdim, özümü saxlaya bilməyib ağladım. Rəhbərlik bunu mənə irad tutdu ki, efirdə niyə ağladın? Mən onlara anlatmağa çalışdım ki, bu hadisəyə biganə qala bilmədim, ona görə ağladım. Yəni sözümün canı budur ki, biz xəbəri yaşayaraq insanlara çatdırırdıq. Demirəm ki, bu gün xəbər aparıcıları hadisəni çatdıranda ağlasınlar, yox, amma onu hiss edərək oxusunlar. Ən azı səs tonu, emosiya dəyişməlidir. İstər şad, istərsə də ağır xəbəri elə oxuyurlar, heç bir emosiya hiss olunmur. Axı xalq xəbər aparıcısının səmimiyyətinə inanmalıdır”.

O. Sənani əvvəllər xəbər aparıcılarının sınaqdan keçirildiyni və yüzlərlə gəncin içərisindən seçildiyni bildirib:

“Bizim vaxtımızda hər adam diktor ola bilməzdi, bunun üçün şərtlər vardı. Diksiyadan tutmuş xarici görünüşə qədər. 100 nəfərin içərisindən 2-3 nəfər seçilirdi. İndi televiziya rəhbərlərinin bu aparıcıları hansı kriteriyalarla işə götürdüyü bilinmir”.

Cəvahir