Xalq artistindən doğum günü ETİRAFI: “Evə qayıdanda gördüm ki…”

“İşim o qədər çoxdur ki, heç qocalmağa vaxtım yoxdur…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında doğum günü ilə bağlı təəssüratlarını paylaşan sevilən aktrisa, Xalq artisti Həmidə Ömərova deyib.

O, bu günə qədər unutmadığı ən yadda qalan doğum gününü də xatırlayıb:

“Təmtəraqdan həmişə qaçıram. İndi də rayondayam, toya gəlmişəm, adi günlərdən biri kimi yaşayıram. Ən yadda qalan doğum günüm 25 yaşımı tamamlayanda olub. Anamla keçirdiyim o doğum günü ömrüm boyu yadımda qalacaq. Həmin vaxt “Qızıl uçurum” filmininə çəkilirdim. Anam hazırlıq görmüşdü, həmin gün zəng etdilər ki Qala kəndində filmin bir səhnəsini çəkməliyik. Mən də evdə qonaqları gözləyirdim. Dedilər, mütləq gəlməlisən, getdim. Elə oldu ki, kamera xarab oldu, çəkiliş baş tutmadı. Evə qayıdanda gördüm, bütün qonaqlar yeyib-içib dağılışıblar. Yalnız anamla mən idim. Anam dedi, eybi yox, bu doğum gününü ikimiz birgə keçirək”.

Aktrisa “Arzuladığınız, amma hələ oynamadığız bir obraz varmı” sualını da cavablandırıb:

“Bütün obrazlar mənim doğma balalarım kimidir. Hər birini daxili süzgəcimdən keçirib, sevərək, oynamışam. “Kaş ki o rolu oynayaydım”, deyə bir peşmanlığım olmayıb”.

Xalq artisti yaşlanmaqdan qorxmadığını da bildirib:

“İşim o qədər çoxdur ki, heç qocalmağa vaxtım yoxdur. Hər yaşın öz gözəlliyi var. Rəqəmlər məni qorxutmur. Yaşın artması təbii ki, insanı təsirləndirir. O mənada ki, yaşadığımız hər an bir də təkrarlanmır, xatirəyə dönüb keçmişdə qalır. İndi mən səninlə danışıram, bir saniyədən sonra danışdıqlarımız keçmişdə qalacaq. Daim eyni yaşda qalmaq da mümkünsüzdür. Yaşayırıqsa, demək ki, yaşlanmalıyıq. Hər yaşımıza şükr etməliyik ki, Allah bu yaşı da bizə nəsib etdi”.

Cəvahir

COP29