Xalq artistindən illər sonra etiraf: “Siyavuş Aslan hamının yanında məni…”

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov seriallarda görünməməsinin səbəblərindən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor peşəkar rejissorların ekranlaşdırdığı seriallarda çəkilmək niyyətində olduğunu bildirib.

“Çox istərdim ki, “Vicdan haqqı”, “Ögey ana”, “Laləli saray” kimi seriallarda çəkilim. Çünki baxıram, çox xoşuma gəlir. Həm də peşəkarların çəkdikləri seriallarda oynamaq istəyirəm. Dəvətlər olur, amma məni qane etmir. Bu yaxınlarda bir gənc oğlan dedi ki, 40 seriyalıq bir film çəkmək istəyir və məni də baş rola dəvət etdi. Soruşdum ki, hansı ali məktəbi bitirmisən? Dedi ki, ali təhsilim yoxdur, XI sinfi bitirmişəm. Dedim, “ay bala, sən mənim oğlum yerindəsən, uşaq-muşağın çəkdiyi seriala necə razılıq verim?”

Aktyor deyir ki, onun üçün hansı obrazda çıxış etməsinin fərqi yoxdur:

“Mənim üçün janrın fərqi yoxdur. Lazım gələrsə komik obrazda da oynayaram. İllər əvvəl bir komediya tamaşasında çıxış etmişdim. Siyavuş Aslan aktyorları çağırıb, hamının yanında məni təriflədi, dedi ki, komediyanı oynamaq üçün Tariyeldən baxıb öyrənmək lazımdır. Komediya o demək deyil ki, qulağını qaşıdın, hamı gülməlidir. Komediya düşündürməlidir. Mənim üçün rolun mənfi- müsbəti yoxdur. “Sən niyə yaşayırsan?” tamaşasında mənfi obraz yaradırdım. O roluma görə məni çox qınadılar, tənqid etdilər. Hətta deyirdilər ki, bir də o rolu oynama. Əslində, bu da aktyorun uğurudur”.

Cəvahir